Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında Rusiya təyyarəsinin vurulması insidenti ilə bağlı telefon danışığı olub.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Dəftərxanası məlumat yayıb.
"Söhbət zamanı Türkiyənin hava məkanını pozan Rusiya təyyarəsinin vurulması mövzusu müzakirə olunub. ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatlar və NATO Türkiyənin öz suverenliyini müdafiə etmək hüququnu dəstəkləyir. Prezident Ərdoğan və prezident Obama baş verən hadisənin təkrarlanmaması və gərginliyin azaldılmasının vacibliyi ilə bağlı fikirlərinin üst-üstə düşdüyünü bəyan ediblər", - deyə Dəftərxananın məlumatında bildirilir.
Həmsöhbətlər İŞİD-ə qarşı birgə mübarizə və Suriyada siyasi keçid dövrünün təmin edilməsində qətiyyətli olduqlarını da təsdiq ediblər.