Türkiyə Böyük Millət Məclisinə sədr seçkisi başlayıb

Türkiyə Böyük Millət Məclisinə sədr seçkisi başlayıb ​Parlamentin rəhbəri olmaq uğrunda dörd siyasətçi mübarizə aparır
Digər ölkələr
30 İyun , 2015 17:11
Türkiyə Böyük Millət Məclisinə sədr seçkisi başlayıb

Bakı. 30 iyun. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi başlayıb. "Report" xəbər verir ki, sədr postu uğrunda dörd namizəd mübarizə aparır.

İclas TBMM-in müvəqqəti spikeri, CHP-ni təmsil edən deputat Dəniz Baykalın sədrliyi ilə baş tutacaq. Onu isə 6 deputat müşayiət edəcək. Sədrin seçilməsinin ilk iki mərhələsi bu gün, səsvermə yetərli olmasa üçüncü və dördüncü mərhələ isə sabah keçiriləcək.

İyunun 7-də keçirilən parlament seçkisindən sonra 10 faizlik barajı aşaraq Böyük Millət Məclisində təmsil olunmaq haqqı qazanan dörd partiyanın hər biri sədr postuna namizəd irəli sürüb. Bunlar hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İsmət Yılmaz, Cümhuriyyət Xalq Partiyasından (CHP) Dəniz Baykal, Miliyyətçi Hərəkat Partiyasından (MHP) Ekmələddin İhsanoğlu və Xalq Demokratik Partiyasından (HDP) Dengir Mir Mehmet Fıratdır. 

Sədrin seçilməsi isə gizli səsvermə yolu ilə reallaşacaq. Konstitusiya müddəalarına görə, ilk iki mərhələdə namizəd ümumi çoxluğun 2/3 faiz (367) səsini toplamalıdır. Üçüncü səsvermədə hansı namizəd 276 deputatın dəstəyini qazana bilsə sədr seçiləcək. Əgər üçüncü mərhələdə də parlament rəhbərini seçmək mümkün olmasa, onda bu səsvermədə ən çox səs toplayan iki namizəd üçün dördüncü səsvermə keçiriləcək. Yekun mərhələdə ən çox səs yığan isə TBMM-in sədri seçiləcək.

TBMM sədrinin seçilməsindən sonra Məsləhətləşmə Şurası toplaşaraq parlament rəhbərliyinin (sədr müavinlərinin) bölgüsünü müzakirə edəcək. Əgər bununla bağlı razılıq əldə olunsa yekun qərar iyulun 3-də TBMM-nin iclasında açıqlanacaq.  

Qeyd edək ki, bu günə qədər Türkiyə Böyük Millət Məclisinin 25 sədri olub. TBMM-in ilk sədri və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdən sonra bu vəzifədə ən uzun müddət çalışan Mustafa Əbdülxaliq Renda olub. 1935-ci ildə ilk dəfə sədr seçilən M.Ə.Renda 1946-cı ilə qədər fasiləsiz olaraq 11 il bu vəzifədə qalıb. Ən qısa sədrlik vəzifəsini isə 2 ay 1 həftəlik müddətlə İsmət Sezgin həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi