Bakı. 7 mart. REPORT.AZ/ Nepalın paytaxtı Katmandu şəhərində martın 5-də sərnişin təyyarəsinin qəzaya uğraması səbəbindən yeganə beynəlxalq hava limanının işləməməsi 20 mindən artıq insanın uça bilməməsinə gətirib çıxarıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İstanbuldan gələn "Türk Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsi Katmandu aeroportuna eniş zamanı uçuş-enmə zolağından kənara çıxıb. Təyyarənin bütün sərnişinləri hadisə yerindən təxliyyə edilib. Müxtəlif məlumatlara görə, təyyarədə 224-248 sərnişin olub, onlardan 4 nəfəri yaralanıb. Hadisənin səbəbləri aydınlaşdırılır.
"Hava limanının işçiləri qəzalı təyyarənin eniş zolağından götürülməsinə qədər aeroportu bağlamaq qərarına gəlib. 20 minə yaxın insan Katmandudan uçmağı gözləyir. Nepala getmək istəyən bir o qədər də insan müxtəlif ölkələrin hava limanlarında gözləyir", - BBC-nin məlumatında deyilir.
Hindistan Hərbi Hava Qüvvələri yerli hava limanının işini iflic edən Türkiyə təyyarəsinin eniş zolağından götürülməsi üçün Katmanduya xilasedicilər komandası göndərib.