​Tokio YUNESKO-ya maliyyə ayırmalarını dayandıra bilər

​Tokio YUNESKO-ya maliyyə ayırmalarını dayandıra bilər Bununla Yaponiya hökuməti öz etirazını bildirmək niyyətindədir
Digər ölkələr
13 Oktyabr , 2015 10:14
​Tokio YUNESKO-ya maliyyə ayırmalarını dayandıra bilər

Bakı. 13 oktyabr. REPORT.AZ/ Yaponiya hökuməti 1937-ci ildə Çinin Nankin şəhərində baş verən kütləvi qırğınla bağlı sənədləri Ümumdünya irsinə daxil etmək qərarına etiraz olaraq BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı YUNESKO-nun maliyyələşdirilməsini dayandıra bilər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tokioda baş tutan mətbuat konfransında Kabinetin Baş Katibi Yosihide Suqa bildirib.

"Biz bu təəssüf doğuran qərara cavab vermək üçün bütün variantları təhlil edirik", - o, Yaponiyanın YUNESKO-ya maliyyə ayrılmasının dayandırıla biləcəyi ilə bağlı suala cavab verərkən deyib.

Bir qədər əvvəl bu təşkilat Çinin təklifi ilə 1937-ci ildə Nankin şəhərində Yapon ordusu tərəfindən törədilən qətllərlə bağlı sənədləri "Dünyanın yaddaşı" ümumdünya arxiv sənədlərinin qorunması proqramı siyahısına daxil edib. Bunun ardınca Yaponiya Xarici İşlər Nazirliyi Pekin tərəfindən təqdim olunan sənədlərin tarixi həqiqətləri təhrif etdiyi və "birtərəfli mülahizələrə əsaslandığını" qeyd edib. Tokio YUNESKO-nun fəaliyyətinin yenidən qurulması və təşkilatda islahatlar aparılmasında israrlı olacağını bildirib.

Son xəbərlər

Orphus sistemi