Bakı. 21 fevral. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişu şəhərinin mərkəzindəki "Central Hotel"ə düzənlənən hücum nəticəsində ölənlərin 25 nəfərə çatıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Somalinin təhlükəsizlik naziri Əbdürrəzaq Ömər Məhəmməd yazılı açıqlama yayıb.
Onun sözlərinə görə, bomba quraşdırılmış avtomobillərlə təşkil edilən hücum nəticəsində ölənlər arasında iki nazir və Moqadişu Şəhər Bələdiyyəsi sədrinin siyasi məsələlər üzrə müavini də var: "Bundan başqa, hücumda baş nazirin müavini, iki nazir və üç millət vəkilinin də aralarında olduğu 30 nəfər yaralanıb".
Hadisədən sonra Somali prezidenti Həsən Şeyx Mahmudun göstərişi ilə komissiya yaradılıb. İstintaqın nəticəsi olaraq aralarında otel işçilərinin də olduğu 12 nəfər həbs edilib.
Qeyd edək ki, hücümun məsuliyyətini "əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.