Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Yəməndəki hadisələrlə bağlı bəyanat yayıb

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Yəməndəki hadisələrlə bağlı bəyanat yayıb "Yəməndəki təcavüzlər artıq Səudiyyə Ərəbistanı ərazisinə də yayılıb"
Digər ölkələr
30 Mart , 2015 16:06
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Yəməndəki hadisələrlə bağlı bəyanat yayıb

Bakı. 30 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Yəməndə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Səfirlikdən "Report"a daxil olan bəyanatda bildirilib ki, husi silahlı birləşmələrinin Yəməndə qanuni hakimiyyəti devirməsi nəticəsində Yəmənin təhlükəsizliyi və sabitliyi pozulub.

"Bu ölkədə baş verən hadisələr təhlükəli xarakter alaraq, regional təhlükəsizlik, sabitlik və əmin-amanlıq, eləcə də beynəlxalq sülh və təhlükəsizliyə böyük təhlükə yaradıb. Ərəb Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələr bütün səyləri ilə Yəmən xalqının tərəfində durmağa tələsərək, "Körfəz dövlətləri təşəbbüsü" və onun icra mexanizmlərinə əsaslanan siyasi proseslə bu dövlətin təhlükəsizlik və sabitliyini qaytarmağa çalışıb, bu çevrilişin regiona mənfi təsirinin qarşısını almaq üçün hərəkətə keçib. Bütün sülh səylərinə və davamlı fəaliyyətə baxmayaraq, dövlət çevrilişi edən husilər bunu qəti rədd etdilər, üstəlik, ölkənin yerdə qalan bölgələrini də öz nəzarətlərinə almaq üçün təcavüzkar əməllərini davam etdirdilər", - bəyanatda bildirilir.

Bəyanatda xatırladılır ki, Yəmən prezidenti martın 24-də Əməkdaşlıq Şurasına üzv olan ölkə başçılarına Yəməni terror təşkilatlarından xilas etmək üçün yardım istəyib: "Yəmən xalqına qarşı məsuliyyətdən çıxış edərək, ölkəni və onun xalqını xarici qüvvələrin əlində alət olan və Yəmən xalqının təhlükəsizlik və sabitliyi ilə oynayan husi yaraqlılarından qorumaq üçün Yəmən prezidentin xahişi qəbul edilib".

Səfirliyin məlumatında qeyd olunur ki, müşahidə olunan təcavüzlər artıq Səudiyyə Ərəbistanı ərazisinə də yayılıb və dövlətin təhlükəsizlik və sabitliyi təhlükəyə məruz qalıb: "Allahdan diləyirik ki, Yəməni və onun qardaş xalqını qorusun, onu fitnələrdən kənar etsin, nə Yəmənə, nə də bizim dövlətlərə xeyir arzulamayan xarici müdaxilələrdən qorusun".

Son xəbərlər

Orphus sistemi