Bakı. 21 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı məhkəməsi artist və şair Əşrəf Fəyyad barəsində İslamdan döndüyünə görə ölüm hökmü çıxarıb.
"Report" xəbər verir ki, bu barədə "Human Rights Watch"un hüquq müdafiəçilərinə istinadən BBC məlumat yayıb.
Hüquq müdafiəçilərinin əlinə keçən sənəddən məlum olur ki, əslən fələstinli olan şair "kafirlik"də ittiham olunaraq boynu vurulmağa məhkum edilib.
Əşrəf Fəyyad 2013-cü ildə ölkənin dini polisi tərəfindən saxlanılıb. 2014-cü ildə onun barəsində 4 il müddətinə həbs qərarı və 800 şallaq zərbəsi hökmü çıxarılıb.
Şair şəxsiyyətinə ünvanlanan ittihamları rədd edib və bildirib ki, özünü mömin müsəlman hesab edir.
Hökm 35 yaşlı şairin guya Allah, Məhəmməd peyğəmbər (s.a.a.s) və Səudiyyə Ərəbistanını lənətlədiyinə dair şahid ifadələrinə əsaslanıb.