​Polşada NATO-nun Raketdən Müdafiə Sisteminin təməli qoyulacaq

​Polşada NATO-nun Raketdən Müdafiə Sisteminin təməli qoyulacaq Redzikovoda bazanın tikintisilə bağlı müqavilə bu ilin fevralında imzalanıb
Digər ölkələr
13 May , 2016 10:07
​Polşada NATO-nun Raketdən Müdafiə Sisteminin təməli qoyulacaq

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Polşanın Redzikovo qəsəbəsində NATO-nun "Aegis Ashore" paketdən Müdafiə Sistemi bazasının təməli qoyulacaq. 

"Report" xəbər verir ki, təməl qoyma mərasimində ABŞ-ın Müdafiə nazirinin müavini Robert Uork, Polşanın Müdafiə naziri Antoni Matsiereviç və digər rəsmi şəxslər iştirak edəcək. SM-3 (Standard Missile-3) raket-ələ keçirməsi stemilə təchiz olunacaq bazanın inşası 9 aprel 2018-ci ildə başa çatacaq. Redzikovoda bazanın tikintisilə bağlı müqavilə bu ilin fevralında imzalanıb. Müqavilənin dəyəri 183 milyon dollar təşkil edir. Raket əleyhinə müdafiə sisteminin radar və digər əsas elementlərini ABŞ-ın “AMEC Programs İnc” şirkəti təchiz edəcək. Baza istifadəyə verildikdən sonra orada 300 amerikalı xidmət göstərəcək. "Aegis Ashore" RMS-nin əsas məqsədi Polşa və Rumıniyanı Yaxın Şərq bölgəsindən ola biləcək ballistik raket hücumundan müdafiə etməkdir.
ABŞ və Polşa arasında Redzikovoda RMS-nin quraşdırılması ilə bağlı müqavilə 2008-ci ildə bağlansa da, 3 il sonra qüvvəyə minib. İlk əvvəl bazanın uzun mənzilli raketlərlə təchiz olunması nəzərdə tutulsa da, 2010-cu ildə bu plana edilən əlavə və dəyişikliklərdən sonra orta mənzilli SM-3 raketlər ilə əvəz olunub. Ötən ilin oktyabrında isə Polşa prezidenti Anjey Duda NATO-nun Redzikovodakı bazası ilə bağlı texniki müqaviləni ratifikasiya edib.
Qeyd edək ki, Redzikovo qəsəbəsi Polşanın şimalında Qdansk şəhərindən 150 km aralıqda yerləşir. Qəsəbənin əhalisinin sayı 400-ə yaxındır. Qəsəbə ilə Moskva arasında məsafə isə təqribən 1600 km-dir. Redzikovo bazası əvvəllər hərbi aerodrom kimi fəaliyyət göstərib.
Xatırladaq ki, ötən gün Rumıniyanın paytaxtı Buxarest şəhərinin cənubunda, 180 km aralıqda yerləşən Deveselu hərbi bazasında ABŞ-ın "Aegis Ashore" raketdən müdafiə sistemi istifadəyə verilib. Açılış mərasimində çıxış edən NATO Baş katibi Yens Stoltenberq qeyd edib ki, yeni baza Rusiyaya qarşı yönəlməyib, bununla bağlı hər hansı bir gərginliyin yaranmasına əsas yoxdur və rəsmi Moskvanın hədələri əsassızdır.

Son xəbərlər

Orphus sistemi