Bakı. 5 noyabr. REPORT.AZ/ "Bundan sonra "YPG"-yə (terrorçu PKK-nın Suriyadakı qolu "PYD"-nin bir bölümü - "Report") silah-sursat verməyəcəyik. Əvvəllər havadan silah-sursatı Suriya ərəb koalisiyası üçün atırdıq. Artıq "YPG"-yə silah vermirik. Bundan sonra silah-sursatları ərəblərin rəhbərlik etdiyi suriyalı müxalifətə verəcəyik. İndiki siyasətimiz budur".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın İŞİD-ə qarşı İraq və Suriyada yürütdüyü Təbii Dayanıqlıq Əməliyyatının sözçüsü polkovnik Stiv Uorren Pentaqonda keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyənin bölgədəki problemlərlə bağlı əvvəllər dilə gətirdiyi narahatlıqlarından danışan S.Uorren deyib: "Diplomatik danışıqların detallarına toxunmayacam. Türkiyə NATO üzvü və İŞİD-ə qarşı mübarizədə ən yaxın müttəfiqimizdir. Onlarla müzakirələrimizi davam etdirəcəyik. Özləri ilə yaxından əlaqələrimiz var. Əlbəttə, Türkiyəni narahat edən məsələlər var və biz də onları nəzərə alırıq. Onlar müttəfiqlərimizdir. İŞİD-i məğlub etmək üçün birlikdə fəaliyyətimizi davam etdirəcəyik".
Qeyd edək ki, ötən ay ABŞ "PYD"-yə havadan 27 konteyner silah-sursat yollamışdı. Onda Pentaqon bunu İŞİD-ə qarşı mübarizə aparan Suriya Demokratlar Birliyinə və "PYD"-yə göndərdiyini bildirmişdi. Rəsmi Ankara isə terrorçu və separatçı saydığı "PYD"-ni vuracağını bəyan etmişdi. Baş verənlərin ardınca iki tərəf arasında problemin həlli ilə bağlı danışıqlar başlamışdı. Hətta, ABŞ dövlət katibinin Avropa və Asiya ölkələri üzrə köməkçisi Viktoriya Nuland Türkiyəyə səfər etmişdi.