Bakı. 31 may. REPORT.AZ/ 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı Dünya Ticarət mərkəzinə terror hücumundan bu günə kimi ABŞ 5000 nəfərdən çox hərbçisini itirib. “Report” xəbər verir ki, bu barədə ABŞ ordusunun qərargah rəislərinin birləşmiş komitəsinin başçısı, general Cozef Danford bildirib.
“2001-ci ilin 11 sentyabrından başlayan hərbi əməliyyatlarda bu günə kimi 5000 nəfər həlak olub” – deyə o vurğulayıb. General qeyd edib ki, ölkənin əsası qoyulan gündən etibarən 1 milyon insan vətən uğrunda canından keçib.
ABŞ Birinci Dünya Müharibəsində 100 min əsgərini itirib. İkinci Dünya Müharibəsi illərində bu rəqəm 400 min nəfər olub. Daha 40 min Amerika hərbçisi Koreya yarımadasındakı münaqişədə həlak olub. Vyetnam müharibəsində Pentaqonun itkisi 58 min nəfər təşkil edib.
ABŞ generalı qeyd edib ki, Amerika əsgərləri indi də vətəndən uzqaqlarda hərbi xidmət keçərək risklərlə üzləşirlər.