Merkel: "Miqrasiya məsələsi Şengen sazişini sual altına qoyur"

Merkel: "Miqrasiya məsələsi Şengen sazişini sual altına qoyur" Merkel Berlində keçirilən mətbuat konfransında qanunsuz miqrant məsələsini şərh edib
Digər ölkələr
31 Avqust , 2015 22:13
Merkel: Miqrasiya məsələsi Şengen sazişini sual altına qoyur

Bakı. 31 avqust. REPORT.AZ/ Avropada hələ də həllini tapmamış miqrantların köçü məsələsi, Şengen sazişinin gələcəkdə mövcudluğunu sual altına qoyur. "Report" BBC-yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bazar ertəsi günü bildirib.

"Biz qaçqınların ədalətli bölüşdürülməsi məsələsində razılığa gələ bilməsək, əlbəttə ki, Şengen zonasının taleyi çoxları üçün yenidən gündəmə gələcək", - Merkel Berlində keçirilən mətbuat konfransında bildirib.

Yayın əvvəlindən etibarən Qərbi Avropa ölkələrinə keçməyə çalışan qanunsuz miqrantlarla bağlı Avropada bir neçə böyük qalmaqal yaşanmışdı.

Avqustun əvvəllərindən, bütün Avropa, Fransanın Kale limanından Eurotunnel vasitəsilə Britaniyaya daxil olmağa çalışan miqrantlar barədə danışır.

Ən son hadisə isə, ötən həftə yaşanmışdı. Belə ki, Vyanaya gedən avtobanın kənarında, yük maşınının içərisində səkkizi qadın, dördü uşaq olmaqla, 59 nəfərin cəsədi aşkar edilib.

Miqrantların ölümündə şübhəli bilinən dörd şəxs Macarıstan dövləti tərəfindən həbs olunub.

Bazar ertəsi, Avstriya hakimiyyətinin ölkəyə daxil olan bütün yükləri yoxlamaq qərarından sonra, Budapeştdən Vyanaya gedən yolda 25 kilometr uzunluğunda tıxac yaranıb.

Son xəbərlər

Orphus sistemi