Bakı. 20 fevral. REPORT.AZ/ İtaliyanın daxili işlər naziri Ancelino Alfano Brüsseldə keçirilmiş Avropa Xalq Partiyasının sammiti çərçivəsində mövcud miqrant böhranı ilə bağlı fikirlərini bölüşüb.
O deyib ki, hazırkı reallıqlara uyğun gəlməyən Dublin Konvensiyasının müddəalarına yenidən baxılmalıdır. Nazir sənəddə əksini tapan sığınacaq axtaranların gəldikləri ilk Avropa İttifaqı (Aİ) ölkəsində qalması müddəasını “cəfəngiyyat” adlandırıb.
A.Alfano bildirib ki, qaçqınların ardı-arası kəsilməyən axınının bədəlini təkcə İtaliya və Yunanıstan ödəməməlidir. Bu vəziyyət dəyişməzsə, Avropa daha böyük problemlərlə üzləşəcək. İtaliya hazırkı böhrandan ən çox əziyyət çəkən ölkədir. Belə mürəkkəb dövrdə miqrant böhranının həllinə dair ümidverici bir göstərici yoxdur.
Qeyd edək ki, İtaliya Almaniya və Fransadan sonra Aİ büdcəsini maliyyələşdirən üçüncü ölkədir. Sığınacaq axtaranların çoxluq təşkil etdiyi ölkələr qurumun büdcəsindən müvafiq problemin həlli üçün maddi dəstək istəyirlər.