Bakı. 11 oktyabr. REPORT.AZ/ İspaniya hökuməti müzakirəsi xeyli mübahisə doğurmuş qərarı qəbul edib. Bu qərara görə, günəş panellərindən istifadə edərək elektrik enerjisi əldə edən vətəndaşlar xüsusi vergi ödəməlidir.
İspaniyanın sənaye, energetika və turizm naziri Xose Manuel Soriya bu qərarı müdafiə edərək onun bərpa olunan enerji mənbələrindən istifadənin inkişafına yönəldiyini deyib. Lakin bu qanunla razılaşmayanların da əsas arqumenti məhz budur ki, belə qanunun tətbiqi ekoloji təmiz enerji istehsalına maniyə törədəcək.
Ölkənin demək olar bütün siyasi müxalifət partiyaları, qeyri hökumət təşkilatları dərhal bu qərara etirazlarını bildiriblər.
İspaniyada dekabrın 20-də parlament seçkilərinin olacağını da nəzərə alsaq belə qeyri-populyar bir qərarın hakim partiyanın səslərinə müəyyən təsiri də istisna edilmir. Artıq hakimiyyətin əsas rəqibləri olan PSOE, Podemos, Ciudadanos kimi siyasi qüvvələr, seçkilərdə lazimi nəticə qazanarlarsa bu qanunun ləğvinə söz veriblər.