​Havay adalarında 10 yaşlı uşağa köpək balığı hücum edib

​Havay adalarında 10 yaşlı uşağa köpək balığı hücum edib Bu il ərzində baş verən yeddinci hadisədir
Digər ölkələr
31 Oktyabr , 2015 04:34
​Havay adalarında 10 yaşlı uşağa köpək balığı hücum edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Çərşənbə günü Havay adalarında sörfinq taxtası üzərində dalğa gözləyən 10 yaşlı Reymond Senensi köpək balığının hücumuna məruz qalıb.

"Report" "USA Today"a istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, insident Oaxu adasında yerləşən "Makaha Beach Park"da baş verib.

"Bütün sübutlar, eləcə də, şahidlərin sözləri göstərir ki, "Makaha"da baş verən hadisə köpək balığı hücumu olub", — deyə həkim Brüs Anderson bildirib.

Oğlanın sözlərinə görə, o, taxtanın üzərində uzanıb dalğa gözləyirmiş, bu zaman köpək balığı peyda olub.

"Mən onu ayağımla vurdum, daha sonra burnunu təpiklədim. Mən təlaşlanmadım", - deyə zərərçəkən bildirib.

Hazırda Senensi yırtıcı balığın dişləməsindən sonra bərpa prosesi keçir və yaxın vaxtlarda o evə buraxılacaq.

Qeyd olunur ki, bu, cari il ərzində baş verən yeddinci belə hadisədir. Son onillikdə yırtıcı balıqların hücumları iki dəfə artıb. Alimlərin sözlərinə görə, insanlar suda çox olduqca, köpək balıqları ilə rastlaşma ehtimalları da bir o qədər yüksəkdir.

Son xəbərlər

Orphus sistemi