Ərdoğan Avropa ölkələrini qaçqınlara laqeydlikdə ittiham edib

Ərdoğan Avropa ölkələrini qaçqınlara laqeydlikdə ittiham edib Ərdoğan: "Bəs, birdən Türkiyədə olan 2,2 milyon qaçqın Avropaya doğru hərəkət etsə, necə olacaq?"
Digər ölkələr
13 Noyabr , 2015 15:00
Ərdoğan Avropa ölkələrini qaçqınlara laqeydlikdə ittiham edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrini ittiham edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qardaş ölkənin başçısı avropalıları qapılarını qaçqınların üzünə bağlamaqda suçlayıb.

"Ümumdaxili məhsulu Türkiyədən daha çox olan ölkələr qapılarını qaçqınların üzünə bağlayıb. Onlar qaçqınlara xitabən "qoyun Egey və Aralıq dənizində boğulub ölsünlər" - deyib. Bəs, birdən Türkiyədə olan 2,2 milyon qaçqın Avropaya doğru hərəkət etsə, necə olacaq?", - Ərdoğan CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, noyabrın 15-16-da Antalyada keçiriləcək G20 ölkələrinin liderlərinin sammitində gündəlikdə duracaq əsas məsələ İŞİD terror qruplaşması ilə mübarizə olacaq. Türkiyə prezidenti, həmçinin miqrasiya böhranının həllində kömək ola biləcək Suriyanın şimalında təhlükəsiz zona yaradılması məsələsinə də toxunub.

Qeyd edək ki, noyabrın sonu - dekabrın əvvəllərində keçirilməsi gözlənilən miqrasiya üzrə növbəti sammitdə Avropa Birliyi ilə Türkiyənin ümumi fəaliyyət planı üzrə razılığa gələcəyi gözlənilir. Bu plana görə, 3 milyard avro məbləğində maliyyə yardımı, Türkiyənin AB-yə qəbul edilməsi ilə bağlı danışıqların sürətləndirilməsi və qısa zamanda vizaların ləğvi AB-nin üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi