Bakı. 13 may. REPORT.AZ/ "2016-cı ildən sonra beynəlxalq koalisiya güclərinin bölgədə qalması şərti ilə NATO 2015-2017-ci illərdə təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi məqsədi ilə Əfqanıstana 60 milyon dollar məbləğində maliyyə vəsaiti ayıracaq".
"Report" Tükiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu NATO-nun Antalyada keçirilən toplantısının açılışındakı çıxışında bildirib.
O, Əfqanıstanda qüvvələrin birləşdirilməsi, gərəkli islahatların aparılması yönündə yerli hakimiyyətlə birgə fəaliyyətin davam etdirilməsinin vacib olduğunu vurğulayıb: "Son 13 ildə Əfqanıstanda əldə edilən uğurlar çox kövrəkdir. Ona görə 2016-cı ildən sonra da beynəlxalq qüvvələr bölgədə qalmalıdır".
Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Con Kerrini qəbul edib. Onlar arasında görüş 45 dəqiqə sürüb.
Əhməd Davudoğlu NATO-nun baş katibi Yens Stoltenbergi də qəbul edib. Bu görüş isə 20 dəqiqə sürüb.