İspaniyada keçirilən tədbirdə ​Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan danışılıb

İspaniyada keçirilən tədbirdə ​Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan danışılıb Tədbirdə xalqımızın müharibə illərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edilib
Digər ölkələr
7 May , 2016 20:08
İspaniyada keçirilən tədbirdə ​Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan danışılıb

Bakı. 7 may. REPORT.AZ/ Rusiya Federasiyasının İspaniyadakı səfirliyinin təşəbbüsü ilə 9 may faşizm üzərində qələbə günü münasibətilə Madrid şəhərində yerləşən Fuenkarral (Fuencarral) Xiyabanında tədbir keçirilib. Azərbaycan Respublikasının İspaniyadaki səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan, Rusiya və Ermənistanın bu ölkədəki səfirləri, Qazaxıstan və Özbəkistan səfirliklərinin nümayəndələri, habelə diplomatik nümayəndəliklərin hərbi attaşeləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rusiyanın İspaniyadakı səfiri 9 may tarixinin sovet xalqının böyük qələbəsi olduğunu bildirib, hər bir xalqın bu qələbənin əldə olunmasında böyük şücaət göstərdiyini qeyd edərək, qələbə günü ilə bağlı ATƏT yanında diplomatik nümayəndəliklərin birgə yaydığı müraciəti oxuyub.

Daha sonra çıxış üçün söz səfir Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmova verilib. Anar Məhərrəmov faşizm üzərində qələbəyə nail olunmasında Azərbaycanın oynadığı böyük rolundan və Azərbaycan xalqının müharibə illərində göstərdiyi qəhrəmanlıqdan bəhs edib.

Səfir 600 min nəfər azərbaycanlı döyüşçünün Böyük Vətən Müharibəsində iştirak etdiyini, onlardan 121 nəfərinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Müharibə illərində ümumilikdə Sovet İttifaqının sərf etdiyi neftin 70%-dən çox hissəsinin Bakının payına düşdüyünü qeyd edən Anar Məhərrəmov bununla bağlı hələ 1942-ci ildə Hitlerin sovet ordusunun gücünü zəiflətmək məqsədilə Bakını zəbt etmək planının olduğunu, lakin sovet döyüşçülərinin mübarizliyi nəticəsində onun bu məqsədinə nail ola bilməməsi haqqında tədbir iştirakçılarına məlumat verib.

Səfir daha sonra Azərbaycan xalqının bu gün də sülhsevər xalq olduğunu bildirib, Azərbaycan dövlətinin müstəqil siyasət yürütdüyünü və heç bir zaman hər hansı bir dövlətə qarşı müharibəni zorla qəbul etdirmədiyini, beynəlxalq hüququn ümumi prinsip və normaları əsasında öz suverenliyini, ərazi bütövlüyünü, milli maraqlarını qoruduğunu və regionda tezliklə sülhün bərpa olunması üçün öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.

Anar Məhərrəmov çıxışının sonunda tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik edib, bu qələbə gününün xalqlarımızın ümumi nailiyyəti olduğunu vurğulayıb.

Mərasimin sonunda tədbir iştirakçıları müharibə zamanı həlak olanların xatirəsinə ucaldılmış abidənin qarşısına gül-çiçək dəstələri düzüblər.

Son xəbərlər

Orphus sistemi