Bakı. 31 oktyabr. REPORT.AZ/ "Air France" aviaşirkəti Sinay yarımadası üzərindən uçuşları dayandırır. "Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, şirkət rəsmiləri bu addımı təhlükəsizlik tədbirləri ilə izah ediblər.
Oxşar addımı " Lufthansa" şirkəti də atıb.
Qeyd edək ki, Rusiyaya məxsus “Airbus A321” təyyarəsinin qəzaya uğradığı Sinay yarımadasında 150 nəfərin cəsədi aşkarlanıb. Cəsədlər təyyarənin düşdüyü yerdən 5 kilometr radiusda tapılıb. Onların bəziləri yanaraq tanınmaz hala düşüb.
Xatırladaq ki, Misirin Mülki Aviasiya Nazirliyinin bəyanatına görə, oktyabrın 31-də səhər saatlarında KGL9268 reysi ilə havaya qalxan və Şarm-əl-Şeyx - Sankt-Peterburq istiqamətində hərəkət edən А321 təyyarəsi uçuşun 23-cü dəqiqəsində radarlardan itib.
Sinay vilayətinin administrasiyası göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvünün olduğu təyyarənin yarımadanın mərkəzi hissəsində, Əl-Kantala və Əl-Laksima rayonları arasında, Əl-Hasna şəhəri yaxınlığında yerə düşdüyünü bildirib.
Rusiyanın Misirdəki səfirliyi qəza zamanı heç kimin sağ qalmadığını təsdiqləyib.