Bakı. 10 fevral. REPORT.AZ/ Nyu-Yorkdakı banklardan birində çalışan Rusiya vətəndaşı Yevgeni Buryakov casusluq fəaliyyətinə görə məhkəmə qarşısına çıxarılıb.
"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, Manhetten Federal Məhkəməsində baxılan iş üzrə ilkin qərarda deyilir ki, Y.Buryakov və daha iki nəfər Rusiya vətəndaşı ABŞ-da casus kimi hərəkət ediblər.
İddiaya görə, Y.Buryakov Rusiya banklarına qarşı mümkün sanksiyaları barədə həssas iqtisadi kəşfiyyat materialı toplayaraq Rus diplomatlara ötürüb.
Qeyd edək ki, məhkəmə prosesi zamanı adları hallanan digər iki şəxs - İqor Sporışev və Viktor Podobnıy diplomatik statusa malik olduqları üçün həbs edilməyiblər. Onlar artıq Rusiyaya qayıdıblar.
Y.Buryakov işi üzrə məhkəmə prosesi isə davam edəcək.