İcraçı direktor: "ÜAK Rusiyanın Suriyadakı hərəkətlərini tam dəstəkləyir"

İcraçı direktor: "ÜAK Rusiyanın Suriyadakı hərəkətlərini tam dəstəkləyir" "Azərbaycan diasporu İŞİD-in təbliğatının qarşısını almaq üçün hər cür səy göstərir"
Diaspor
27 Oktyabr , 2015 13:50
İcraçı direktor: ÜAK Rusiyanın Suriyadakı hərəkətlərini tam dəstəkləyir

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) "AMOR" hərakətı ilə birlikdə İŞİD-in Yaxın Şərqdəki təcavüzkar fəaliyyəti fonunda Qafqazda sistemli şəkildə maarifləndirmə tədbirləri təşkil edəcək". "Report" xəbər verir ki, bunu Rəyasət Heyətinin üzvü, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev "Dünya və biz" nəşrinə açıqlamasında deyib.

"İŞİD-in Yaxın Şərqdə təcavüzkar fəaliyyətindən sonra bizim təşkilat Şimali Qafqaz regionunda müntəzəm maarifləndirmə tədbirləri keçirməyə başlayıb. Burada diaspor rəhbərləri gənclərə, tələbələrə bu ekstremist hərəkatın bütün ziyanlarını və təhlükəsini izah edirlər. Bu tədbirlərin keçirilməsində Azərbaycan Respublikasının Prezidentinin qızı Leyla Əliyevanın başçılıq etdiyi "AMOR" Azərbaycan gənclər hərəkatının fəaliyyəti böyük əhəmiyyət daşıyır", - İlqar Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan diasporu İŞİD-in təbliğatının qarşısını almaq üçün hər cür səy göstərir: "Biz qətiyyətlə zorakılığın və Suriya xalqına qarşı yönələn hərəkatların əleyhinəyik".

O qeyd edib ki, ÜAK gənclər qarşısındakı çıxış və nitqlərində daim bu hərəkatın cinayətkar mahiyyətini açır, gənclərin təxribatlara uymaması üçün onlarla hərtərəfli iş aparır. İ.Hacıyev, həmçinin gənclərimizin bu tip vədlərə pratiki olaraq aldanmadığını sevindirici hal kimi dəyərləndirib.

O, ÜAK-ın Rusiyanın Suriyadakı hərəkətlərini tam dəstəklədiyini deyib: "Bu, bizim ölkəmizin sərhədlərindən kənarda yerləşən insanların taleyinə biganə olmadığımızı göstərir. O insanlar birmənalı olaraq dinc yaşama və onlara qarşı yönəlmiş təcavüzdən müdafiə olunmaq hüququna malikdirlər. İndi Rusiya onların hüquq və azadlıqlarını qorumaq üçün hər şey edir. Bu, dünya siyasətinə böyük töhfə və bizim yaşadığımız ölkə ilə fəxr edəcəyimiz məqamdır".

Rəyasət Heyətinin üzvü bildirib ki, son vaxtlar Rusiyada milli siyasətə proqramlı yanaşmaya xüsusi diqqət ayrılır: "Milli münasibətlərdə düzgün balans yaradılması çox vacibdir. Çünki Rusiya çoxmillətli və çoxdinli ölkədir. Rusiya üçün bu məsələ çox incə və vacib məsələdir. Eyni zamanda bu Rusiyanın unikal sərvətidir: müxtəliflik, multikulturalizm öz harmoniyası və birliyi ilə unikal imkanlar yaradır".

Son xəbərlər

Orphus sistemi