Gürcüstan-Ermənistan sərhədində yaşayan azərbaycanlılara bayram sovqatı aparılıb - FOTO

Gürcüstan-Ermənistan sərhədində yaşayan azərbaycanlılara bayram sovqatı aparılıb - FOTO Tədbir Azərbaycan səfirliyi tərəfindən təşkil olunub
Diaspor
13 Sentyabr , 2016 20:12
Gürcüstan-Ermənistan sərhədində yaşayan azərbaycanlılara bayram sovqatı aparılıb - FOTO

Tbilisi. 13 sentyabr. REPORT. AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Qurban bayramı münasibətilə azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Tsopi kəndində olublar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, diplomatlar aztəminatlı, imkansız ailələrə, tənha insanlara bayram sovqatı paylayıblar.

Bildirilib ki, Ermənistanla sərhəddə yerləşən kənddə 203 ailə var. Onların 70 faizi azərbaycanlılardır. Bu il məktəbdə azərbaycanlı, gürcü və digər millətlərdən olan 65 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 26 müəllim məşğul olacaq.

Tsopi kənd məktəbinə 65 dəst dərs ləvazimatı təqdim olunub.

Səfirliyin Hərbi Attaşe Aparatının əməkdaşları səfir Azər Hüseynin adından soydaşlarımızı təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir, yerli hakimiyyət qurumları ilə birlikdə onların problemlərinin həllinə çalışır.

Məktəbin direktoru Nəbi Ağacanov göstərilən diqqət və qayğıya görə, kənd camaatı adından Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq edib.

Qeyd olunub ki, Azərbaycan səfirliyinin əməkdaşlarının Gürcüstanda yaşayan soydaşlarımıza tez-tez baş çəkmələri, bayram sovqatı paylamaları, məktəblərdə təhsil alan azərbaycanlı, gürcü və digər millətlərin nümayəndələrindən olan şagirdlərə dərs ləvazimatı və digər hədiyyələr təqdim etməsi yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu cür addımların Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq əlaqələrinin inkişafına, strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.

Səfirliyin əməkdaşları sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə də görüşüblər.

Son xəbərlər

Orphus sistemi