​Gürcüstan azərbaycanlılarının folkor ansamblı Türkiyədəki beynəlxalq festivalda iştirak edib

​Gürcüstan azərbaycanlılarının folkor ansamblı Türkiyədəki beynəlxalq festivalda iştirak edib ​Ansambl festival boyu gürcü və Azərbaycan xalq rəqsləri ifa edib
Diaspor
17 İyun , 2015 17:41
​Gürcüstan azərbaycanlılarının folkor ansamblı Türkiyədəki beynəlxalq festivalda iştirak edib

Bakı. 17 iyun. REPORT.AZ/ Tbilisidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdindəki "Sarvan" folklor ansamblı Türkiyənin Dənizli şəhərində keçirilən 15-ci Beynəlxalq Rəqs Festivalında Gürcüstanı təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ansambl festival boyu gürcü və Azərbaycan xalq rəqslərini ifa edib.

Dənizli şəhər Bələdiyyəsi tərəfindən təşkil olunan festivala Bosniya və Hersoqovina, Moldova, Makedoniya, Gürcüstan, Kosta-Rika, Kosova da daxil olmaqla, 11 ölkədən 380-ə yaxın rəqqas qatılıb.

“Sarvan”ın bədii rəhbəri Cəmilə Məmmədovanın sözlərinə görə, gürcü və Azərbaycan xalq rəqsləri, aşıq mahnıları yerli sakinlər və xaricilər tərəfindən maraqla qarşılanıb. Yeddi gün davam edən festivalın qala gecəsində Gürcüstanı təmsil edən "Sarvan" folklor qrupuna mükafatlar təqdim olunub.

Festivalın sonunda təşkilat komitəsi ən yaxşı iştirakçıları seçərək ənənəvi Zeybək rəqsini ifa etmək üçün səhnəyə dəvət edib, iştirakçıların içində Gürcüstan təmsilçiləri də yer alıb.

Qeyd edək ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdindəki "Sarvan" folklor ansamblı 9 ilə yaxındır fəaliyyət göstərir. Ansambla aşıqlar qrupu, gürcü və azərbaycanlı yeniyetmə rəqqaslardan ibarət qrup daxildir. Bir çox beynəlxalq və ölkədaxili müsabiqələrə, festivallara qatılan “Sarvan” uğurlar qazanıb.

Son xəbərlər

Orphus sistemi