​Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası Milli Qurtuluş Gününü qeyd edib

​Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası Milli Qurtuluş Gününü qeyd edib Tədbirdə son günlər Gürcüstanda bəzi qrupların təxribatçı niyyətləri, azərbaycanlılar arasında qarşıdurma yaratmaq cəhdləri müzakirə olunub
Diaspor
14 İyun , 2016 17:05
​Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası Milli Qurtuluş Gününü qeyd edib

Tbilisi. 14 iyun. REPORT. AZ/ Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası 15-iyun Milli Qurtuluş Gününü qeyd edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, şura üzvləri iyunun 14-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Azərbaycan xalqının ümummilli liderinin büstü önünə gül çələngi qoyublar.

Sonra Milli Qurtuluş Günü ilə əlaqədar mərasim keçirilib.

Ağsaqqallar Şurasının sədri Novruz İsaqov ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, dünyada azərbaycançılıq məfkurəsinin inkişafı, diaspor quruculuğu, eləcə də Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətindəki rolu, Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpası istiqamətindəki xidmətləri barədə ətraflı məlumat verib.

Ümummilli liderin müəllifi olduğu regional və beynəlxalq layihələrin əhəmiyyətindən danışan natiq, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi qeyd edib.

Bildirilib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV qurultayındakı çıxışı xarici ölkələrdə yaşayan bütün azərbaycanlıların bir amal ətrafında daha sıx birləşməsində mühüm rol oynayıb. İndi bütün dünya azərbaycanlıları daha sıx birləşmək, azərbaycançılıq ideyasını daha da inkişaf etdirmək, doğma Azərbaycanımızın müdafiəsi, haqq səsinin dünyada eşidilməsi istiqamətində mühüm layihələr hazırlayırlar.

Sonra şura sədrinin müavini Mayak Neymətov, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri hacı Ramin İgidov, Şərqi Gürcüstan Azərbaycanlılarının müftisi hacı Yasin Əliyev, “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarına, xüsusən də Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısından söz açıblar.

Tədbirdə son günlər Gürcüstanda bəzi qrupların təxribatçı niyyətləri, azərbaycanlılar arasında qarşıdurmalar yaratmaq cəhdləri barədə də məsələ müzakirə olunub. Bildirilib ki, Gürcüstan azərbaycanlıları bu cür təxribatlara imkan verməyəcək, belə şər qüvvələrə qarşı sivil qaydada birgə mübarizə aparacaqlar.

Sonda bununla əlaqədar Gürcüstanın baş naziri Qeorgi Kvirikaşviliyə və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadzeyə müraciət qəbul olunub.

Son xəbərlər

Orphus sistemi