Finlandiya parlamentində ​Xocalı soyqırımı ilə əlaqədar görüş keçirilib

Finlandiya parlamentində ​Xocalı soyqırımı ilə əlaqədar görüş keçirilib Finlandiyalı deputatlar Xocalı soyqırımını tanımağa və qəbul etməyə çağrılıb
Diaspor
26 Fevral , 2015 19:35
Finlandiya parlamentində ​Xocalı soyqırımı ilə əlaqədar görüş keçirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın İsveç Krallığı, Finlandiya və Norveçdəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarından Finlandiya-Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı və Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. “Report” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, görüşdə qrupun rəhbəri Eero Lehti, deputat Elisabeth Naucler, parlamentin beynəlxalq əlaqələr üzrə katibi Teemu Vuorio və başqaları iştirak edib.

Görüşdə səfir Adış Məmmədov Finlandiya parlamentinin deputatlarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması barədə geniş məlumat verib. A.Məmmədov dünya ictimaiyyətinin bu fakta hələ də biganə qalmasını təəssüflə qeyd edib.

Görüş zamanı Finlandiya-Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı Xocalı soyqırımının Finlandiya Parlamentində müzakirəyə çıxarılması, tanınması və siyasi qiymət verilməsi ilə bağlı təşkilat tərəfindən hazırlanmış müraciəti parlamentlərarası dostluq qrupunun rəhbəri Eero Lehtiyə təqdim edib.

Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay da müzakirələr zamanı finlandiyalı deputatları Xocalı soyqırımını tanımağa və qəbul etməyə çağırıb.

Görüşün sonunda deputatlara Dağlıq Qarabağ hadisələri ilə əlaqədar rəsmi sənədlər və Xocalı soyqırımını əks etdirən videomateriallar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi