Dneprdə Dünya Azərbaycanlılarının IV Qurultayının qarşıya qoyduğu vəzifələr müzakirə olunub

Dneprdə Dünya Azərbaycanlılarının IV Qurultayının qarşıya qoyduğu vəzifələr müzakirə olunub Ukraynanın müxtəlif şəhərlərində Azərbaycan dilində həftəsonu məktəblər açılacaq
Diaspor
2 İyul , 2016 16:17
Dneprdə Dünya Azərbaycanlılarının IV Qurultayının qarşıya qoyduğu vəzifələr müzakirə olunub

Bakı. 2 iyul. REPORT.AZ/ Dnepr şəhərində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn tapşırıq və tövsiyələrə həsr olunmuş toplantı keçirilib.

Bu barədə "Report"a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) məlumat verilib. 

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultayda söylədiyi tarixi çıxışın videoyazısı nümayiş etdirilib. 

BUAK sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Rövşən Tağıyev qurultayda Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn tapşırıq və tövsiyələrin həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən söz açıb: "Bu il iyunun 2-3-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın növbəti birlik və həmrəylik təntənəsinə çevrildi. Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, yerli televiziya və kütləvi informasiya vasitələri ilə səmərəli işin qurulması, həftəsonu Azərbaycan dili məktəblərinin aşılması istiqamətində yeni fəaliyyət proqramı hazırlanıb". 

Onun sözlərinə görə, qurultayda səslənən hər bir fikir və ideya dünya azərbaycanlılarının birlik və həmrəylik məfkurəsinə xidmət edir: “Dünya Azərbaycanlılarının IV Qurultayı çağdaş Azərbaycan tarixinin növbəti birlik və həmrəylik səlnaməsinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin tarixi çıxışı dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımızda böyük iftixar hissi yaratdı. Bununla yanaşı, möhtərəm Prezidentimiz dünyadakı Azərbaycan diaspora təşkilatlarına səmərəli fəaliyyət göstərmələri üçün proqram xarakterli tapşırıq və tövsiyələr verdi. Hər bir azərbaycanlının arxasında Azərbaycan kimi qüdrətli bir dövlətin durduğunu bildirərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspora təşkilatlarımızın üzərinə düşən tarixi missiyanın koordinatlarını açıqladı. Mən çox şadam ki, qurultayda Prezidentimizin sərəncamı ilə dövlətimizin ən ali mükafatlarından sayılan "Tərəqqi" medalı ilə təltif olundum. Bu, təkcə mənə deyil, ümumilikdə Ukraynada fəaliyyət göstərən bütün Azərbaycan diasporunun fəaliyyətinə verilən yüksək qiymətdir. Bu təltif həm də bizim qarşımızda tarixi vətənimiz naminə daha səmərəli işlər görmək üçün böyük məsuliyyət qoyub”. 

Toplantıda Poltava vilayət radasının deputatı Fəxrəddin Muxtarov, Dnepr Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Konqresin sədr müavinləri Nəcəf Əhmədov, Zöhrab Cəfərov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepr vilayət təşkilatının sədri Elza Bəkirova və digər soydaşlarımız çıxış edərək quraltayla bağlı xoş təəssüratlarını bölüşüblər.

Yığıncaqda bu ilin sentyabr ayından etibarən Ukraynanın müxtəlif vilayət və şəhərlərində Azərbaycan dilində həftəsonu məktəblərin açılması və Konqresin nəzdində Analitik İnformasiya Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi