Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentini ədalətli olmağa çağırıb

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentini ədalətli olmağa çağırıb Təşkilatın yaydığı bəyanat Avropa Parlamentinin bir sıra komitə sədrlərinə ünvanlanıb
Diaspor
16 İyun , 2015 14:08
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentini ədalətli olmağa çağırıb

Bakı. 16 iyun. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan diasporu adından bəyanatla çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Avropa Parlamentinin bir sıra komitə sədrlərinə ünvanlanan bəyanatda "Bakı 2015" I Avropa Oyunlarının önəmi vurğulanaraq Azərbaycan diasporunun Avropanın siyasi dairələrinin və media qurumlarının qərəzli çıxışlarına qarşı kəskin etirazı bildirilib.

Bəyanatda qeyd olunub ki, iyunun 12-də Azərbaycan böyük bir hadisənin gerçəkləşməsinə ev sahibliyi edib, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün dünya idmançılarına qonaqpərvərlik göstərməkdədir: "Bakıda baş verən bu tarixi hadisə dünya azərbaycanlıları və o cümlədən Avropada yaşayan azərbaycanlılar üçün qürurvericidir".

AAK Avropa Parlamenitinin diqqətinə çatdırıb ki, 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olduqdan sonra ikili standartlarla üzləşən Azərbaycan, bu dəfə də ona qarşı aparılan ədalətsiz kampaniyanın, əks-təbliğatın şahidi olub: "Azərbaycanın iqtisadi inkişafı, müstəqil siyasət yürütməsi bəzi dairələri narahat edir. Dünyanın diqqətini Dağlıq Qarabağ probleminin həllinə, bir milyondan artıq Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpasına, Azərbaycan vətəndaşlarının öz torpağında qanunsuz girov götürülməsinə, Xocalı soyqırımının acı nəticələrinə cəlb etmək yerinə, müzakirə edilən mövzular qeyri-dəqiq məlumatlar əsasında qurulan tənqidlə əvəz edilir".

AAK bəyan edib ki, Bakıda keçirilən bu möhtəşəm idman tədbiri siyasiləşdirilməməli, əksinə bütün Avropanın uğuru kimi qiymətləndirilməlidir.

AAK Avropa Parlamentini ədalətli olmağa çağırır, Azərbaycana qarşı ermənilərin təsiri ilə formalaşmış qərəzli mövqeyindən çəkinməyi tələb edir.

Son xəbərlər

Orphus sistemi