Bakı. 18 iyul. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Əhməd Cavad 12 ünvanında yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə bağlı iclas keçirilib.
"Report"un məlumatına görə, iclasda YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, partiya üzvləri iştirak ediblər.
YAP icra katibinin müavini Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın mütərəqqi bir dövlətə çevrildiyini, xalqımızın daha firavan həyata qovuşduğunu vurğulayıb.
YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışdığını söyləyib.
İclasda ilk partiya təşkilatı təsis edilib və yekdilliklə Əhməd Cavad 12 yeni ərazi ilk partiya təşkilatına Səyyad Salahlı sədr seçilib.
Səyyad Salahlı ona göstərilən etimada görə təşəkkürünü bildirərək deyib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.
Daha sonra yeni təsis edilən Əhməd Cavad 12 ilk partiya təşkilatının sədr müavini və katibi seçilib.