​YAP nümayəndə heyəti AKP-nin qurultayında iştirak edir

​YAP nümayəndə heyəti AKP-nin qurultayında iştirak edir Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə partiyanın nümayəndə heyəti Türkiyədə səfərdədir
Daxili siyasət
12 Sentyabr , 2015 11:28
​YAP nümayəndə heyəti AKP-nin qurultayında iştirak edir

Bakı. 12 sentyabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə partiyanın nümayəndə heyəti Türkiyədə səfərdədir.

Partiyadan "Report"a verilən məlumata görə, səfər çərçivəsində YAP-ın nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisi sədrinin müavini, Ədalət və İnkişaf Partiyasının parlament qrupunun rəhbəri Naci Bostancı ilə görüşüb.

Son aylar Türkiyədə baş verən terror hadisələri ilə bağlı Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladığını diqqətə çatdıran B.Muradova Azərbaycan xalqının həmişə Türkiyə xalqının ağrılarına şərik olduğunu bildirib. YAP-la Ədalət və İnkişaf Partiyası arasındakı münasibətlərə, eləcə də iki partiyanın qadın təşkilatları arasındakı mövcud sıx əməkdaşlığın əhəmiyyətinə toxunan B.Muradova noyabrın 1-də Türkiyə parlamentinə keçiriləcək növbədənkənar seçkilərdə AKP-yə uğurlar arzulayıb.

Ədalət və İnkişaf Partiyasının qurultayında iştirak etmək dəvətini qəbul etdiklərinə görə YAP nümayəndə heyətinə minnətdarlığını bildirən Naci Bostancı Azərbaycanın həmişə Türkiyənin sevinc və ağrılarına şərik çıxmasının iki xalqın dostluq və qardaşlığından qaynaqlandığını vurğulayıb. N. Bostancı bildirib ki, Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımı daxil olmaqla, Azərbaycanın bütün ağrılı məsələlərini diqqətdə saxlayır.

YAP-ın nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının bu gün keçiriləcək V qurultayında iştirak edəcək.

Qeyd edək ki, nümayəndə heyətinə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir.

Son xəbərlər

Orphus sistemi