Siyavuş Novruzov: "Milli Şuranın mitinqində dini ekstremist qüvvələrin nümayəndələri iştirak edib"

Siyavuş Novruzov: "Milli Şuranın mitinqində dini ekstremist qüvvələrin nümayəndələri iştirak edib" "Əli Kərimli mitinqdə qarşıdurmanın yaranmasında maraqlı olub"
Daxili siyasət
17 Sentyabr , 2016 18:27
Siyavuş Novruzov: Milli Şuranın mitinqində dini ekstremist qüvvələrin nümayəndələri iştirak edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Milli Şuranın mitinqi saxtakarlıqla keçirilib. Bu, bütün çıxışlarda hiss olunurdu. O mitinqdə dindar kəsimin nümayəndələri yox idi. Orada dini ekstremist qüvvələrin təmsilçiləri iştirak ediblər". 

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Şuranın sentyabrın 17-də keçirdiyi mitinqə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin aksiyada nurçu və vəhhabi cərəyanlarının nümayəndələri iştirak ediblər:

"Bugünkü mitinqdə həm Seçki Məcəlləsi, həm də "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun müddəları pozulub. Onlar nə qədər istəyirlərsə, mitinq keçirə bilərlər. Qanun çərçivəsində istənilən adam sərbəst toplaşmaq azadlığından istifadə edə bilər. Seçki Məcəlləsinə əsasən, onlar referendumla əlaqədar təbliğat və ya əks-təbliğat apara bilməzlər. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əsasən isə mitinqdə etnik, dini ayrı-seçkilik etmək qadağandır. Bunlar bəzi dairələr qarşısında mitinqdən öncə öhdəlik götürüblər. Buna görə də təxribata əl atırdılar".

YAP rəsmisi vurğulayıb ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli mitinqdə qarşıdurmanın yaranmasında maraqlı olub: "Onlar mitinqdə insidentin yaranmasında maraqlı idi. Əli Kərimli istəyirdi ki, qarşıdurma yaransın, şəkilləri çəkib sahiblərinə göstərsin. Hər kəs şahid oldu ki, hüquq-mühafizə orqanları səbr nümayiş etdirdilər, qarşıdurmaya getmədilər".

Qeyd edək ki, bu gün Demokratik Qüvvələrin Milli Şurası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirib. Mitinqdə dövlət təhlükəsizliyi əleyhinə çağırışlar edilib, "Allahu Əkbər!" şüarları səsləndirilib. 

Son xəbərlər

Orphus sistemi