​YAP funksioneri: "Beynəlxalq təşkilatların Azərbaycana təzyiqindən söhbət gedə bilməz"

​YAP funksioneri: "Beynəlxalq təşkilatların Azərbaycana təzyiqindən söhbət gedə bilməz" "Müxalifətin müəyyən qrup insanların həbsini siyasiləşdirməyə cəhd etməsi dividend qazanmaqdan başqa birşey deyil"
Daxili siyasət
30 Mart , 2016 14:23
​YAP funksioneri: Beynəlxalq təşkilatların Azərbaycana təzyiqindən söhbət gedə bilməz

Bakı. 30 mart. REPORT.AZ/ "Məhkəmə qərarları və Prezident İlham Əliyevin əfv sərəncamı ilə xeyli sayda insanın azadlığa buraxılması Azərbaycan hökumətinin öz vətəndaşlarına qayğı ilə yanaşdığını göstərir".

Bunu "Report"a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Bu tip halların mütəmadi baş verdiyini deyən A.Mirzəzadə qeyd edib ki, müxalifət dairələri bir qrup insanın adını hallandırdığına görə onlar gündəmdədir: "Sonuncu əfv sərəncamıyla xeyli sayda insan azadlığa buraxıldı. Dövlət həmişə cəmiyyət üçün təhlükə törətməyən, buraxdığı səhvi anlayan insanlara qarşı humanist münasibət göstərib. Baş verənlər göstərir ki, dövlət bir tərəfdən vətəndaş qarşısında təhlükəsizliyin təmin edilməsi öhdəliyinə əməl edir, digər tərəfdən də hər bir kəsə həyatını yenidən başlamaq şansı verir. Burada söhbət tanınmış məhbuslardan deyil, bütövlükdə vətəndaşa qayğıdan, hüququn aliliyindən gedir. Sonuncu məhkəmə prosesləri həmin şəxsləri törətdikləri cinayətlərin məsuliyyətindən azad etmir. Yəni bu, əfv deyil, humanizmdir. Ümid edirik ki, həbsdən buraxılanlar qanunun tələblərinə əməl edəcəklər".

YAP funksioneri bəzilərinin tanınmış şəxslərin azadlığa buraxılmasını beynəlxalq təşkilatların Azərbaycan hökumətinə təzyiqinin nəticəsi kimi qiymətləndirmələrinə də münasibət bildirib: "Bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan hökuməti yalnız öz vətəndaşı qarşısında məsuliyyət daşıyır və ona hesabat verir. Azərbaycan beynəlxalq təşkilatların üzvüdür, onların siyasətini müəyyənləşdirən ölkələrdəndir. Həmin təşkilatların Azərbaycana təzyiqindən söhbət gedə bilməz. Azərbaycanda siyasi əqidəsinə görə həbs edilən yoxdur. Müxalifətin müəyyən qrup insanların həbsini siyasiləşdirməyə cəhd etməsi dividend qazanmaqdan başqa bir şey deyil".

Son xəbərlər

Orphus sistemi