"Ermənistanın Bərdəyə raket hücumu zamanı iş yoldaşımız gözümün önündə şəhid oldu".
Bunu "Report"un Qarabağ bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının əməkdaşı xilasedici Ceyhun Məmmədov deyib.
2020-ci ilin oktyabrın 28-də Ermənistanın Bərdə şəhərində törətdiyi növbəti terror aktı ilə bağlı acı xatirələrini bölüşən müsahibim bildirib ki, həmin gün onun həyatında dəhşətli anlarla yadda qalıb.
C.Məmmədov həmin gün xilasetmə əməliyyatları zamanı raket hücumu nəticəsində Mülki Müdafiə Qoşunlarının əməkdaşı Rəşad Vaqif oğlu Şəfiyevin şəhid olduğunu xatırladıb.
Onun sözlərinə görə, R.Şəfiyev FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşı olub və 44 günlük Vətən müharibəsi zamanı Bərdəyə ezam olunub. R.Şəfiyev oktyabrın 28-də ermənilərin şəhərin mərkəzinə atdığı raketlərdən birinin düşdüyü istiqamətdə yaralıları çıxararkən aldığı qəlpə yarasından şəhid olub: "Günorta saat 13 radələrində Bərdə şəhərinə raket hücumu oldu. Doğrusu, Bərdənin hədəf alınmasına inanmırdıq, amma buna hər an hazır idik. Çünki düşmənin nə qədər müharibə cinayətləri törətdiyini, azərbaycanlılara qarşı tarixən çoxsaylı soyqırımlar həyata keçirdiyini bildiyimiz üçün bunu da gözləyirdik. Həmin gün mülki əhalini xilas etmək üçün Bərdə şəhərinə Gəncədən ezam olunmuş iş yoldaşımız Rəşad Şəfiyev gözümün önündə şəhid oldu. Mülki Müdafiə Qoşunlarının müddətdən artıq əsgəri Aydın Firuddin oğlu Əliyev isə ağır yaralandı. Bütün bu vəhşiliklərin canlı şahidi olduqca daha da prinsipial bir mövqe sərgiləyərək vətəndaşlarımıza kömək etməyə çalışırdıq".
Şəhidin xidmət yoldaşları terror aktından iki il ötməsinə baxmayaraq, hadisəni bu gün baş vermiş kimi xatırlayırlar.
Xilasedici vurğulayıb ki, Mülki Müdafiə Qoşunlarının fəaliyyəti təkcə yaralanan və şəhid olanların təxliyəsi ilə yekunlaşmır. Keçmiş təmas xəttinə yaxın olan ərazilərdən təxliyə edilən insanların yerləşdirilməsi, onların ərzaq və yanacaq təminatının ödənilməsində Mülki Müdafiə Qoşunlarının böyük xidmətləri olub.
C.Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə qazanılan zəfər xalq-ordu birliyinin təzahürüdür: "Müharibənin acı nəticələrinin törətdiyi dəhşətlərdən asılı olmayaraq, hər kəs öz vətəndaşlıq mövqeyini ortaya qoyaraq dəstək göstərməyə çalışırdı. Biz müharibə zamanı təkcə raket və mərmilərin vurduğu fəsadların aradan qaldırılmasına çalışmamışıq. Eyni zamanda cəbhə xəttindən köçürülən dinc əhalinin təxliyəsi ilə yanaşı, onların yerləşdirilməsi və vacib qida, geyim və digər zəruri şeylərlə təmin olunmasına çalışmışıq".
Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri Bərdədə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutub. Nəticədə 4-ü qadın, 17-si kişi olmaqla 21 nəfər qəsdən öldürülüb, 8-i uşaq, 17-si qadın, 58-i kişi olmaqla 83 nəfər şəxs xəsarət alıb.
Ümumilikdə, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə beş dəfə (5, 8, 27, 28 oktyabrda və 7 noyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.