Azərbaycan Tarif Şurasının statusunun dəyişdirilməsi təklif olunur

Azərbaycan Tarif Şurasının statusunun dəyişdirilməsi təklif olunur "Tarif Şurasının statusunun formalaşmasının qanunla tənzimlənməsini təklif edirəm"
Daxili siyasət
2 Fevral , 2015 12:29
Azərbaycan Tarif Şurasının statusunun dəyişdirilməsi təklif olunur

Bakı. 2 fevral. REPORT.AZ/ “Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra Tarif Şurası qərar qəbul etdi ki, benzinin qiyməti 2 qəpik artırılsın. Bu da əhali tərəfindən narazılıqla qarşılandı. Lakin iki gündən sonra ölkə başçısının göstərişi ilə bu problem aradan qaldırıldı. Bütün bu kimi halları nəzərə alaraq, Tarif Şurasının statusunun qanunla müəyyənləşdirilməsini təklif edirəm”. “Report” xəbər verir ki, bu təkliflə deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxış edib.

O qeyd edib ki, Şuranın tərkibinə müxtəlif qurumlardan, sadəcə müavin səlahiyyətini daşıyan şəxslər cəlb olunur: “Halbuki, oraya cəmiyyətin maraqlarını müdafiə edən əlaqələndirici QHT rəhbərlərindən biri, eləcə də parlamentin İqtisadi siyasət komitəsinin üzvlərindən biri, yaxud da Mətbuat Şurasından kiminsə olması daha məqsədyönlü olardı”.

Z.Oruc bildirib ki, Tarif Şurasının benzinin qiymətini artırması digər məhsulların nisbi şəkildə qiymətinin artmasına səbəb olub: “Təbii ki, həmin dəyişiklik köklü şəkildə ciddi bir dəyişiklik deyil. Lakin bu kimi əsassız addım atılmamalı idi. Ona görə də hesab edirəm ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər sahəsində yeniliklər tətbiq etməliyik. Odur ki, Tarif Şurasının statusunun formalaşmasının qanunla tənzimlənməsini təklif edirəm”, -  Z. Oruc əlavə edib.

Son xəbərlər

Orphus sistemi