​Siyavuş Novruzov: "YAP Müsavat Partiyasının daxilində baş verənlərə müdaxilə etmir"

​Siyavuş Novruzov: "YAP Müsavat Partiyasının daxilində baş verənlərə müdaxilə etmir" "Narazıların da fikirləri nəzərə alınmalıdır, əks halda, partiya parçalanacaq"
Daxili siyasət
21 Noyabr , 2014 11:37
​Siyavuş Novruzov: YAP Müsavat Partiyasının daxilində baş verənlərə müdaxilə etmir

Bakı. 21 noyabr. REPORT.AZ/ "Müsavat Partiyasında seçkilər anti-demoktatik keçirilib. Ona görə də narazıların sayı getdikcə artır. Narazıların da fikirləri nəzərə alınmalıdır, əks halda, partiya parçalanacaq".

Bunu "Report"a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat Partiyasında baş verən son proseslərə, həmçinin istefalara münasibət bildirərkən deyib.

S.Novruzov YAP-ın Müsavat Partiyasının daxilində baş verənlərə müdaxilə etmədiyini qeyd edib: "Biz hansısa fikri səsləndiririksə, oradakı insanların çıxışlarına əsasən deyirik. Özümüzdən demirik ki, müdaxilə kimi qiymətləndirilsin. Partiya daxilində baş verənləri illərdir orada fəaliyyət göstərmiş şəxslər- Vurğun Əyyub, Hikmət Hacızadə, Qubad İbadoğlu, Səxavət Əlisoy açıq şəkildə ictimailəşdirirlər. Partiyada qeyri-demokratik seçkilər keçirildiyindən, həmin şəxslər etirazlarını bildirirlər. Hesab edirəm ki, partiyada təkrar qurultay keçirilməsə, narazılar partiyanı parçalayacaq".

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında 228 səslə Arif Hacılı başqan seçilib. Qubad İbadoğlu isə 200 səslə ikinci olub. Seçkinin nəticələrindən narazı qalan Q.İbadoğlu və tərəfdarları qurultayda saxtakarlıq olduğunu iddia edirlər və təkrar qurultayın keçirilməsi tələbini irəli sürüblər. Növbədənkənar qurultay keçirilməsi təkliflərinin dəyərləndirilməsi məqsədilə işçı qrupu yaradılıb. Partiya rəhbərliyi isə narazıların atdığı addımların nizamnamə pozuntusu olduğunu qeyd ediblər. Buna görə başqanlığa sabiq namizəd Səxavət Əlisoy partiya sıralarından xaric edilib. Onun çıxarılmasına etiraz olaraq, Məclis üzvü Hikmət Hacızadə və sabiq MNTK üzvü Əlövsət Talışxanlı partiyadan istefa veriblər.

Son xəbərlər

Orphus sistemi