Siyavuş Novruzov müxalifət partiyalarının maliyyə hesabatını təqdim etməyə məcbur olunmasını təklif edir

Siyavuş Novruzov müxalifət partiyalarının maliyyə hesabatını təqdim etməyə məcbur olunmasını təklif edir "Məsələ öz maliyyə mənbələrinə çatanda şəffaflıq göstərmirlər"
Daxili siyasət
4 Mart , 2016 17:22
Siyavuş Novruzov müxalifət partiyalarının maliyyə hesabatını təqdim etməyə məcbur olunmasını təklif edir

Bakı. 4 mart. REPORT.AZ/ "Təəssüf ki, bir sıra özünü müxalifət partiyası adlandıran, lakin ümumiyyətlə, müxalifətçilik yox, dövlətə və millətə qarşı müxalifətçilik edən qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırırlar. Onların hansı halda bu hesabatı verməsi İnzibati Xətalar Məcəlləsində cərimələr vasitəsilə müəyyənləşməlidir". "Report"un məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, aşkarlıqdan, demokratiyadan, şəffaflıqdan danışan insanlar təəssüf ki, məsələ öz maliyyə mənbələrinə çatanda şəffaflıq göstərmirlər: "Bir sıra partiyalar bir vərəq ağ kağız göndərirlər ki, bizim maliyyə dövriyyəmiz olmayıb. Nə gəlirimiz nə xərcimiz var. Nəzər salanda görürsən ki, qərargahında onlarla insan çalışır, özlərinin cangüdənləri var, bahalı maşınlarda gəzirlər və hesabat verməkdən boyun qaçırılar. Çünki hesabatları şəffaf deyil və bəzi xarici qüvvələr tərəfindən maliyyələşirlər".

S.Novruzov vurğulayıb ki, qarşılarına qoyulan məqsəd Azərbaycanda ictimai-siyasi asayişi pozmaq, ölkə əleyhinə təbliğat aparmaq, böhtan atmaqdan ibarətdir: "Gələcəkdə bu məsələlərə qarşı tədbirləri daha da gücləndirməli və ya qanuna başqa maddə əlavə etməliyik ki, il ərzində maliyyə hesabatı verməyən partiyaların yoxlanması və həmin təşkilatın ləğv edilməsi məsələsi gündəmə gətirilməlidir. Hesabatları şəffaf olmayan təşkilatların nələrlə məşğul olduqları məlumdur. Xarici ölkələrdən, hətta erməni lobbisindən maliyyə almaqdan çəkinmirlər".

Son xəbərlər

Orphus sistemi