​Sərdar Cəlaloğlu: "Vaxtilə hökumətdən imtiyaz alanlar bizi ittiham edirlər"

​Sərdar Cəlaloğlu: "Vaxtilə hökumətdən imtiyaz alanlar bizi ittiham edirlər" "Bizdən fərqli yol tutanlar, görəsən, hansı addımları atıblar?"
Daxili siyasət
14 Mart , 2016 17:50
​Sərdar Cəlaloğlu: Vaxtilə hökumətdən imtiyaz alanlar bizi ittiham edirlər

Bakı. 14 mart. REPORT.AZ/ "Düşünürdüm ki, mənfi cavab verməzlər. Biz düşündük ki, müxalifətlə geniş formatda siyasi diskussiya aparmaq məqsədəuyğundur. Diskussiya problemlərin azaldılmasının əsas metodlarından biridir. Müsavat Partiyası isə belə tədbirlərdə iştirak etməyi məqsədəuyğun hesab etmir. Təsəvvür edin, bir fikir mübadiləsinin aparılmasını belə məqsədəuyğun hesab etmirlər".

Bunu "Report"a açıqlamasında "Antiböhran koalisiyası"nda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu Müsavat Partiyasının "Antiböhran koalisiyası"nın təklifindən imtina etməsinə münasibət bildirərkən qeyd edib ki, onlar hakimiyyətlə dialoqa getmədən radikal yolla nəyəsə nail ola biləcəklərini düşünürlər: "Bəli, biz siyasi dialoq tərəfdarıyıq, loyal xətt tuturuq. Bizdən fərqli yol tutanlar, görəsən, hansı addımları atıblar? Yəni bizdən fərqli olaraq, bu xalq, millət üçün nə ediblər ki, bizi ittiham edirlər? Hökuməti söymək siyasətdirsə, bu, elmdə yoxdur. Siyasi elmin məqsədi problemi həll etməkdir, problem yaratmaq deyil. Radikal yol problem yaradır. Zahirən "hökumətə işləmək" kimi görünsə də, siyasi dialoq yolunun alternativi yoxdur. 2015-cil ildə keçirilən parlament seçkilərində deyirdilər ki, bəzi müxalifət qüvvələri hökumətlə anlaşıb, parlamentdə yer alacaqlar. Nə oldu? Hökumətə xidmət edən pay almalıdır, axı biz almadıq... Koalisiyada təmsil olunanlarla onları ittiham edənləri müqayisə edin. Baxın, kimlər pay alıb?! Vaxtilə hökumətdən imtiyaz alanlar bizi ittiham edirlər".

Qeyd edək ki, "Antiböhran koalisiyası" ölkədə baş verən ictimai-siyasi məsələlərin müzakirəsi üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP), Müsavat Partiyasına və hakim Yeni Azərbaycan Partiyasına (YAP) dəvət göndərib. Müsavat Partiyası dəvət təklifini qəbul etməyib.

Xatırladaq ki, bir qrup partiya sədrinin təşkilatçılığı ilə "Antiböhran koalisiyası" yaradılıb. Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP), Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası (DBP), Vətəndaş və İnkişaf Partiyası (VİP) və "Ağ blok" hərəkatı daxildir.

Son xəbərlər

Orphus sistemi