Sədr müavini: "YAP-ın bütün yerli strukturları və fəalları parlament seçkilərinə hazırlıq prosesinə fəal cəlb olunub"

Sədr müavini: "YAP-ın bütün yerli strukturları və fəalları parlament seçkilərinə hazırlıq prosesinə fəal cəlb olunub" "YAP-ın seçkilərdə böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur"
Daxili siyasət
18 Avqust , 2015 16:47
Sədr müavini: YAP-ın bütün yerli strukturları və fəalları parlament seçkilərinə hazırlıq prosesinə fəal cəlb olunub

Bakı. 18 avqust. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Şəki-Zaqatala bölgəsi üzrə rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar birgə müşavirəsi keçirilib.

Bu barədə "Report"a partiyadan məlumat verilib.

Qəbələdə keçirilən müşavirədə parlament seçkilərinə hazırlıq işləri barədə ümumi məsələlər müzakirə edilib. Müşavirədə ötən dövr ərzində görülmüş işlər haqqında məlumat verilib, qarşıda duran vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən bəhs edilib.

Müşavirədə çıxış edən YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. Ə.Əhmədovun sözlərinə görə, YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunub.

Qeyd edilib ki, artıq bütün rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər.

YAP sədrinin müavini vurğulayıb ki, partiyanın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur: "Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının gündən-günə yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir".

Müşavirədə həmçinin YAP-ın Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və Şəki şəhər təşkilatının sədri Həsən Həsənov çıxış edərək seçki qərargahlarının iş prinsipi, görülmüş işlər, Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələrinin icrası vəziyyəti haqqında məlumat veriblər.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov müşavirədə çıxış edib.

Son xəbərlər

Orphus sistemi