Millət vəkili "Sahibkarlıq saatı" adlı verilişin yayımlanmasını təklif edir

Millət vəkili "Sahibkarlıq saatı" adlı verilişin yayımlanmasını təklif edir Rüfət Quliyev: “Telekanallarda "Kənd saatı" verilişinin vaxtı artırılmalı, hərbi vətənpərvərlik verilşiləri olmalıdır”
Daxili siyasət
10 Mart , 2015 12:37
Millət vəkili Sahibkarlıq saatı adlı verilişin yayımlanmasını təklif edir

Bakı. 10 mart. REPORT.AZ/“Azərbaycan telekanallarında bu gün şou-biznes əl-ayaq tutub yeriyir. Çal-çağırdan, şou-biznesdən savayı elə bil mövzular yoxdur”. "Report" xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında "Reklam haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu gün telekanallarda belə verilişləri efirə verməkdənsə, vətənpərvərlik, maarifləndirmə istiqamətində verilişlərə, proqramlara daha geniş yer ayrılmalıdır: "Hansı kanalı açırsan, ancaq çal-çağır, şou-biznesdir. Biri deyir ər axtarıram, biri deyir onu axtarıram, biri deyir bunu axtarıram. Hesab edirəm ki, bunlar yığışdırılmalıdır, bu cür verilişlərin sayı, vaxtı xeyli azaldılmalıdır. Vallah ayıbdır, bir də görürsən ki, 70 yaşlı bir kişi gündə ən azı 28 SMS göndərir. Ona görə belə düşünürəm ki, Azərbaycanda sahibkarlarla, fermerlərlə bağlı verilişlərə ehtiyac var. Çünki bu gün Azərbaycanda açıq, şəffaf sahibkarlıq mühiti var və sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların insanlarla ünsiyyətinin yaxşılaşdırılması, yaxınlaşdırılması lazımdır. Bu baxımdan, telekanallarda "Sahibkarlıq saatı" adlı veriliş yayımlanmalıdır, həmçinin "Kənd saatı" verilişinin vaxtı artırılmalı, insanların diqqəti yenidən kənd təsərrüfatına cəlb olunmalıdır”.

Millət vəkilli əlavə edib ki, telekanallarda hərbi vətənpərvərlik verilşiləri olmalıdır: “Baxın, Rusiya, Türkiyə kanallarına, görün, nə qədər hərbi vətənpərvərlik verilişləri var. Bizdə də bu təcrübədən istifadə olunmalıdır. Çünki biz müharibə vəziyyətində olan ölkəyik, xalqıq. Biz müharibəni hələ başa çatdırmamışıq. Ona görə də belə verilişlərə daha çox ciddi ehtiyac var". 

Son xəbərlər

Orphus sistemi