Bakı. 10 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə "Report"a R.Nurullayev məlumat verib. O bildirib ki, hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən proses təxirə salınıb.
Növbəti məhkəmə prosesi fevralın 11-də keçiriləcək.
Xatırladaq ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də etimad qurultayı keçirilib, gizli səsvermə ilə R.Nurullayev sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. R.Nurullayev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib, məhkəmə onun iddiasını icraata götürməyib.
Nazirlik eyni qərarı Əli Kərimli ilə də bağlı verib. Ədliyyə Nazirliyi sentyabrın 27-də keçirilən qurultayın nəticələrini tanımayıb. Ə.Kərimli də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.