Ramiz Rzayev: "Görəcəyimiz işlər məhkəmə hakimiyyətinə olan inamı möhkəmləndirməlidir"

Ramiz Rzayev: "Görəcəyimiz işlər məhkəmə hakimiyyətinə olan inamı möhkəmləndirməlidir" "Məhkəmə qərarlarının tərtibat keyfiyyəti yüksəlib"
Daxili siyasət
26 May , 2015 10:40
Ramiz Rzayev: Görəcəyimiz işlər məhkəmə hakimiyyətinə olan inamı möhkəmləndirməlidir

Bakı. 26 may. REPORT.AZ/ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi bizim üçün həmişə prioritet məsələ olub. Ali Məhkəmə tərəfindən konvensiyanın və Avropa Məhkəməsinin presedent hüququnun milli məhkəmələr tərəfindən tətbiqi təcrübəsinə dair xüsusi plenum qərarı qəbul edilib. Həmin qərar milli məhkəmələrdə presedent hüququnun öyrədilməsi və baxılan işlərin tətbiqi sahəsində mühüm rol oynayıb”. “Report”un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvü Ramiz Rzayev MHŞ-nin fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

R.Rzayev müsbət hal kimi qeyd edib ki, son zamanlar məhkəmə qərarlarının tərtibat keyfiyyəti yüksəlib, qərarların əsaslandırılması zamanı daxili qanunvericiliklə yanaşı, beynəlxalq konvensiyaların normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə istinad halları çoxalıb: “Ona görə də konvensiyanın və presedent hüququnun tətbiqinin öyrənilməsi daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə təlimlər davam etdirilməlidir”.

R.Rzayev, həmçinin bildirib ki, "Elektron məhkəmə" Azərbaycan məhkəmələrinin gələcəyidir: "Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi davamlı bir proses olduğuna görə müasir inkişaf meyilləri nəzərə alınmaqla bu sahədə daim çalışmaq tələb olunur. Görəcəyimiz işlər məhkəmə hakimiyyətinə olan inamı, etimadı da möhkəmləndirməlidir. Əsas məqsəd isə ədalət mühakiməsinin hakimiyyətlər bölgüsü və hüquqi dövlət prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquqlarının qanuni və ədalətli müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir".

Son xəbərlər

Orphus sistemi