QHT-lərə Dövlət Dəstəyi Şurası 97 təşkilatın layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib

QHT-lərə Dövlət Dəstəyi Şurası 97 təşkilatın layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib Şura 2015-ci ilin 2-ci maliyyə yardımı müsabiqəsinə yekun vurub
Daxili siyasət
14 Avqust , 2015 17:50
QHT-lərə Dövlət Dəstəyi Şurası 97 təşkilatın layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib

Bakı. 14 avqust. REPORT. AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Bu barədə "Report"a Şuranın mətbuat xidmətindən bildirilib.

Gündəlikdə duran məsələlər haqqında məlumat verən sədr Azay Quliyev Şuranın 2015-ci ildə QHT-lər üçün elan etdiyi 2-ci maliyyə yardımı müsabiqəsinin ümumi yekunları barədə danışıb. A.Quliyev qeyd edib ki, müsabiqə mövzuları arasında bu ilin payızında keçiriləcək parlament seçkiləri ilə əlaqədar məsələlərə, vətəndaş təşəbbüslərinin dəstəklənməsinə və ictimai aktuallıq kəsb bəzi problemlərlə bağlı videoçarxların hazırlanmasına xüsusi diqqət yetirilib.

İkinci maliyyə yardımı müsabiqəsinin nəticələri haqqında məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, müsabiqə bu il aprel ayının 16-da elan edilib, bu haqda elan, eləcə də müsabiqənin qayda və şərtlərinə aid məlumatlar Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytlarında yerləşdirilib. Müsabiqə üçün ayrılmış 1 ay müddətində Şuraya yerli QHT-lərdən 169 müraciət daxil olub, onlardan 43-nün sənədləri tələb edilən standartlara uyğun olmadığı üçün müsabiqədən kənarlaşdırılıb, 126 layihə təklifi ekspertizaya göndərilərək müvafiq qaydada ekspertlər tərəfindən qiymətləndirilib.

Şura hər bir layihə üzrə ekspert qiymətləndirmələrini və Katibliyin təqdim etdiyi arayışı nəzərə alaraq 97 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib. Müsabiqə qaliblərinin siyahısı Şuranın www.cssn.gov.az və www.qhtxeber.az saytlarında yerləşdiriləcək.

İclasda Sahib Məmmədovun sədrliyi ilə apelyasiya komissiyasının tərkibi müəyyən edilib. Apelyasiya komissiyasında ərizələr avqustun 21-dək qəbul ediləcək.

Qanunvericiliyin yeni tələbləri ilə bağlı QHT-lərin layihə sənədləşmələrində yol verdiyi nöqsanların aradan qaldırılmasına kömək məqsədilə Şuranın QHT rəhbərləri üçün təlimlər təşkil etməsi məsələsi də müzakirə olundu və bu işin təşkili Katibliyə tapşırılıb.

Gündəlikdəki digər məsələlərlə əlaqədar müzakirələr aparıldı və müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi