Qazax rayonunda Zəfər Günü silsilə tədbirlərlə qeyd edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonda şeir, rəsm, esse, məqalə müsabiqələri, silsilə bilik və idman yarışları keçirilib. Eyni zamanda Şəhidlər Xiyabanına, “Qarabağ Azərbaycandır!” abidə kompleksinə və Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil olunub.
Bununla yanaşı, Zəfər Gününə həsr olunmuş bayram konserti də təşkil olunub. Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunmuş bayram tədbirində Azərbaycanın Dövlət himni səsləndirilib.
Daşkəsəndə də Zəfər bayramı qeyd olunub. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, xidmət sahələrinin kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daşkəsən Mədəniyyət Mərkəzində keçirilən bayram tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Vətən müharibəsində sərhəd bölgəsində yaşayan daşkəsənlilər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə fəal iştirak ediblər, rayondan 34 nəfər şəhidlik zirvəsinə ucalıb.
Sonra rayon mədəniyyət xadimlərinin təqdimatında bayram konserti keçirilib.
Zəfər bayramı Naftalanda da qeyd olunub. Mərasimdə icra hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarınn rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.
Öncə Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirilib.
Daha sonra tədbir iştirakçıları rəsm işlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə Vətən Müharibəsi şəhidlərinin yağlı boya ilə çəkilmiş portretləri də nümayiş olunub.