İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək 1110 nəfər fermerə mina təlimləri keçirilib.
"Report" xəbər verir ki, təlimlər Kənd Təsərrüfatı Nazirliyinin (KTN) müraciətinə əsasən Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təlimçiləri tərəfindən aparılıb.
Gəncə şəhərində 2 gün davam edən maarifləndirmə təlimlərində iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilir. Həmçinin, fermerlərə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilir, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa dair təlimatlar verilir.