Prokurorluq orqanlarında gənclər vəzifədə irəli çəkilirlər

Prokurorluq orqanlarında gənclər vəzifədə irəli çəkilirlər Mərasim iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib
Daxili siyasət
30 Sentyabr , 2016 16:14
Prokurorluq orqanlarında gənclər vəzifədə irəli çəkilirlər

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk növbədə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatıb ki, prokurorluğun kadr tərkibinin formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur qaydalar əsasında gənc mütəxəssislərin işə qəbulu memarı xalqımızın ümummilli lideri Heydər Əliyev olan və Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mümkün olub. Prezidentin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilən “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi ilə keçirilən müsabiqədə seçilən ən layiqli namizədlər müxtəlif vəzifələrə təyinatlar alıblar.

Qeyd edilib ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak edən gənc hüquqşünasların içərisindən ən layiqli 117 namizədin andiçmə mərasimi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümünə təsadüf edir. Bu gün yüksək templərlə inkişaf edən Azərbaycan Respublikasında dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq işləri həyata keçirilməklə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, regionun aparıcı dövlətinə çevrilən ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi, demokratik dəyərlərə əsaslanan dünyəvi və hüquqi dövlət quruculuğunun tam yeni məzmunlu bir mərhələyə qaldırılması istiqamətində möhtəşəm işlər görülür.

Xüsusi vurğulanıb ki, gənclərə hərtərəfli qayğı və diqqət göstərilməsi, onların problemlərinin həlli istiqamətində bütün dövlət təsisatları tərəfindən zəruri tədbirlərin görülməsi, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada aparılan dövlətçilik siyasətinin prioritet istiqamətlərindən biridir. Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi bu məsələlərə çox böyük önəm verildiyinin bariz nümunəsi kimi dəyərləndirilməlidir.

Diqqətə çatdırılıb ki, 2000-ci il aprelin 26-da ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən müşavirədə əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühüm istiqamətlərindən biri kimi müsabiqə yolu ilə qulluğa qəbulun alternativi olmamaqla, bu yol prokurorluğun kadr tərkibinin komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsidir. 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə nəticəsində işə qəbul edilmiş 780 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 63 faizini təşkil edir. Müsbət hal kimi qeyd edilib ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssislər vəzifədə irəli çəkilib, o cümlədən Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi, müstəqil rayon prokuroru və digər mühüm qurumlara təyinatlar alıblar.

Baş prokurorun müavini, Müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar dövlət bayrağı önündə təntənəli surətdə and içiblər.

Mərasimdə çıxış edən gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Baş prokuror Zakir Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirib.

Mərasim iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Son xəbərlər

Orphus sistemi