Prezident İlham Əliyev: "Gələn il 4 ASAN mərkəzinin tikintisinə start verəcəyik"

Prezident İlham Əliyev: "Gələn il 4 ASAN mərkəzinin tikintisinə start verəcəyik" Masallı “ASAN həyat” mərkəzində kənd təsərrüfatı, bank sektoru, sənaye sektoru, regionların inkişafı istiqamətləri də cəmləşib
Daxili siyasət
3 Sentyabr , 2016 16:29
Prezident İlham Əliyev: Gələn il 4 ASAN mərkəzinin tikintisinə start verəcəyik

Bakı. 3 sentyabr. REPORT.AZ/ “ASAN xidmət” Azərbaycanda 4 ilə yaxındır ki, fəaliyyət göstərir və bu qısa müddət ərzində insanların rəğbətini qazana bilmişdir".

"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 3-də Masallıda “ASAN həyat” kompleksinin açılışı zamanı bildirib. 

Dövlət başçısı deyib ki, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır: "Biz fəxr edirik ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur. Artıq bəzi ölkələr bizim təcrübəmizi öyrənməyə çalışırlar, müxtəlif formatda əməkdaşlıq aparılır. Bu, onu göstərir ki, doğrudan da bizim təşəbbüsümüz çox böyük və geniş nəticə hasil edib və bunun çox gözəl ictimai rezonansı da var. İnsanlar da bu xidməti çox bəyənirlər. Bəyənmə əmsalı 98 faizdir. Bu illər ərzində 3 milyon 500 insan mərkəzlərə müraciət etmişdir. Müraciətlərin ümumi sayı isə 11 milyon 300-dür. Artıq 11-ci mərkəz fəaliyyətə başlayır. Bu gün burada göstərilən təqdimatlarda növbəti mərkəzlərin inşası nəzərdə tutulur, gələn il biz digər bölgələrdə 4 mərkəzin tikintisinə start verəcəyik. Beləliklə, bizim məqsədimiz təmin edilir. Məqsədimiz də ondan ibarətdir ki, bütün bölgələrdə, hər bir yerdə insanlar ictimai xidmətlər sahəsində müasir xidmətlə təmin olunsunlar".

Prezident İlham Əliyev qeyd edib ki, “ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir: "Əslində cəmiyyətdə “ASAN xidmət”in mövcudluğu yeni bir davranış qaydalarını ortaya qoyur. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə hansısa bir arayışı, sənədi almaq üçün insanlar bəlkə də həftələrlə əziyyət çəkirdilər. İndi isə rahat, mədəni, şəffaf şəkildə, heç bir qanunsuz tələb irəli sürülmədən vətəndaşlar gəlirlər, burada onlara gözəl xidmət göstərilir və onlar bu xidmətdən məmnun qalırlar. Bildiyiniz kimi, 10 səyyar avtobus fəaliyyət göstərir. Biz çalışırıq ki, ölkə əhalisinin bütün təbəqələrinə xidmət göstərək. Bu mərkəz isə 6 rayona xidmət göstərəcək – Masallı, Lənkəran, Cəlilabad, Lerik, Astara, Yardımlı rayonlarına. Bu rayonlarda 800 mindən çox insan yaşayır. “ASAN xidmət”in fəaliyyəti çox böyük qiymətə layiqdir. Bunu Azərbaycan vətəndaşları görürlər, bilirlər. Mən fəxr edirəm ki, biz müstəqil dövlət olaraq dünyaya intellektual məhsul da təqdim edə bilmişik. 

Bu mərkəz isə əvvəlki mərkəzlərdən fərqlənir. Çünki “ASAN xidmət” öz funksiyalarını genişləndirir. Ümumiyyətlə, bu mərkəzlərdə 200-dən çox xidmət növü göstərilir. Ancaq Masallı “ASAN həyat” mərkəzində eyni zamanda kənd təsərrüfatı, bank sektoru, sənaye sektoru, regionların inkişafı istiqamətləri də cəmləşib. Burada mənə təqdim edilən innovativ təşəbbüslər əminəm ki, kənd təsərrüfatı, ailə təsərrüfatı sahələrinə də çox böyük təkan verəcək. Çünki indi bizim əsas məqsədimiz ondan ibarətdir ki, hər bir vətəndaş layiqli işlə təmin olunsun, yaxşı gəlir əldə etsin, sahibkarlıq inkişaf etsin. Bunu etmək üçün biz bir çox layihələri icra edirik. O cümlədən son vaxtlar özünüməşğulluq sahəsində də önəmli addımlar atılıb ki, iş tapa bilməyən insanlar dövlət dəstəyi ilə işə cəlb olunsunlar, sahibkar olsunlar. Burada mənə göstərilən kiçik emal müəssisələri, əgər belə demək mümkündürsə, müxtəlif kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması istiqamətində bir yenilikdir. İlk dəfə bu, Azərbaycanda tətbiq ediləcək. Mənə göstərilən dörd konteynerdən birində pendir, birində ət məhsulları, birində tərəvəz, digərində isə meyvə çeşidləri emal olunacaq. Yəni, bu, əlavə imkan yaradacaq ki, bizim vətəndaşlarımız yaxşı yaşasınlar. Bizim əsas məqsədimiz bundan ibarətdir. Burada intellektual oyunların, əyləncə tədbirlərinin keçirilməsi üçün imkanlar var. Gözəl bir ada, gözəl bir park yaradılıbdır. Mən əminəm ki, Masallı sakinləri və digər rayonlardan gələn qonaqlar bu gözəl imkanlardan istifadə edəcəklər.

“ASAN xidmət” mərkəzlərinin, xüsusilə Masallıdakı mərkəzin yaradılması ölkəmizin həm gücünü, həm siyasətini göstərir. Ancaq güclü dövlət belə işləri görməyə qadirdir. Ancaq öz xalqına diqqət göstərən hökumət bu işləri görür. “ASAN xidmət” mərkəzlərinin yaradılması üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Artıq 11 mərkəz yaradılıbdır. Bu mərkəzlər memarlıq əsərləridir. Biz bunu nə üçün edirik? Ona görə ki, insanlar rahat yaşasınlar, heç kim onların haqqını əllərindən almasın, heç kim onlara qarşı əsassız tələblər irəli sürməsin və onlar rahat yaşasınlar, daha da çox fəxr etsinlər ki, Azərbaycan vətəndaşlarıdır".

Dövlət başçısı bunun Masallıya doqquzuncu səfəri olduğunu xatırladıb: "Mən demək olar ki, hər il Masallıda oluram. Masallının inkişafı üçün önəmli addımlar atılmışdır. Rayonda infrastruktur, sosial infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri icra edilir. Bu gün Masallıda içməli su layihəsinin açılışını qeyd edəcəyik. Yadımdadır, dörd il bundan əvvəl layihənin təməlqoyma mərasimində iştirak etmişəm və şadam ki, artıq bu layihə hazırdır. Bu, Masallı şəhərinin və bəzi kəndlərin sakinlərini təmiz içməli su ilə təmin edəcək. Bu, doğrudan da böyük tarixi layihədir. Çünki siz bunu yaxşı bilirsiniz, su Masallı üçün həmişə çox ciddi problem olmuşdur. Eyni zamanda, Masallıda qazlaşdırma layihələri uğurla gedir. Yadımdadır, mənim ilk səfərlərimdə vətəndaşlar daha çox bu məsələni qaldırırdılar, şikayət edirdilər ki, qazımız yoxdur, xahiş edirik, bizə qaz xətləri çəkin. İndi isə qazlaşdırma Masallıda təxminən 80 faizə çatıbdır və görüləcək əlavə tədbirlər nəticəsində biz bunu 90 faizə qaldıracağıq. Yəni, bu problem də aradan götürülür.

Bakı-Astara-İran sərhədi magistral yolunun tikintisi gedir. Onun Lənkəran-Masallı hissəsi demək olar ki, hazırdır. Bununla bərabər, Masallı rayonunda bir neçə kənd layihəsi icra edilib və onlarla kəndi birləşdirən yollar tikilib, istifadəyə verilib, bu proses davam etdiriləcək. Bütün kəndlərə gedən yollar abad olmalıdır. Bu istiqamətdə işlər aparılır. Bu zonada Olimpiya Mərkəzi yerləşir. Yadımdadır, 2007-ci ildə bu mərkəzin açılışını qeyd etmişik. Masallıdakı Mərkəz ilk tikilən Olimpiya mərkəzlərindən biridir.

Mən həmişə çalışırdım ki, Masallı rayonunun inkişafına böyük diqqət göstərilsin. İndi sosial infrastruktur layihələri icra edilir. Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri başa çatmaq üzrədir. Bu, 240 çarpayılıq xəstəxanadır".

Prezident İlham Əliyev vurğulayıb ki, kənd təsərrüfatı istiqamətində addımlar atılır: "Mənə məlumat verilib ki, Masallıda çayçılıq bərpa ediləcək və bu il 1000 hektara yaxın sahədə çay plantasiyaları salınacaq. Bu da insanların gəlirlərini artıracaq. Tütünçülük Masallıda inkişaf edəcək. Yəni, kənd təsərrüfatına göstərdiyimiz diqqət, texnika ilə təminat, gübrə, subsidiyalar, əlbəttə ki, insanların xeyrinədir.

Həmçinin Masallıda Azərbaycanda sayca ikinci olan sənaye zonası yaradılır. Mən bu zonaların yaradılması ilə bağlı artıq bir müddət əvvəl göstəriş vermişəm. Birinci zona Neftçalada yaradılır. Demək olar ki, hazırdır. İkinci sənaye zonası Masallıda. Bu, nə deməkdir? Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Masallıda əhali artır. Burada 220 min əhali yaşayır. Əlbəttə ki, bizim iqtisadi inkişafımız əhalinin artımına uyğun olmalıdır. Bizim regionumuzda bəzi ölkələr var ki, orada əhali azalır. Əlbəttə, bunun müxtəlif səbəbləri var. Ancaq Azərbaycanda xoşbəxtlikdən əhali artır və bunun səbəbi bizim uğurlu iqtisadi inkişafımızdır.

Əhalinin demoqrafik dinamikasına nəzər salsaq görərik ki, ölkəmiz üçün ağır olan illərdə demoqrafik tənəzzül müşahidə olunurdu, yəni, artım azalırdı. Ancaq son illərdə əhali sürətlə artır və bu, bizə diktə edir ki, daha da fəal işləyək və iş yerlərinin açılması daimi proses olsun. Təkcə bu mərkəzdə 250 yeni iş yeri açılır. “ASAN xidmət” işçilərinin mütləq əksəriyyəti gənc oğlanlar və qızlardır. Buna da çox sevinirəm. Çünki gənclər, xüsusilə qadınlar işlə daha çox təmin edilməlidir. Onların hamısı yerli sakinlərdir. Mən çox şadam ki, biz Masallıda bu işləri görmüşük və qısa müddət ərzində bu Mərkəzin yaradılmasına nail ola bilmişik".

Son xəbərlər

Orphus sistemi