​Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb

​Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb Altı dini icmaya 1 milyon 800 min manat yardım ayrılıb
Daxili siyasət
5 İyul , 2016 17:01
​Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb

Bakı. 5 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.  

"Report" xəbər verir ki, sərəncamda qeyd olunub ki, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilmişdir. Mövcud milli-mədəni rəngarənglik xalqların qarşılıqlı mənəvi zənginləşməsinə imkan yaratmaqla yanaşı, ölkəni beynəlxalq miqyasda çoxmillətli və çoxkonfessiyalı diyar kimi tanıtmışdır: "Toplanmış böyük təcrübənin davamı kimi həmin mədəni müxtəliflik mühiti respublikada təmsil olunan bütün dini icma və konfessiyaların birgə fəaliyyəti sayəsində bu gün də lazımınca qorunur. Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir".

Sərəncam ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini və onların maddi durumunun daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə imzalanıb.

Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycanın 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100 min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100 min manat ayrılıb. 

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. 

Son xəbərlər

Orphus sistemi