Prezident İlham Əliyev: "Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi inşaat sektoruna ciddi təsir göstərəcək"

Prezident İlham Əliyev: "Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi inşaat sektoruna ciddi təsir göstərəcək" Bu, uzunmüddətli bir layihədir
Daxili siyasət
11 İyul , 2016 23:07
Prezident İlham Əliyev: Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi inşaat sektoruna ciddi təsir göstərəcək

Bakı. 11 iyul. REPORT.AZ/ "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə öz nəticəsini verir. Həm inzibati tədbirlər, cəza tədbirləri və struktur xarakterli tədbirlər görüləcək".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun çıxışında bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu ilin 6 ayında vergi yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama keçirilib: "Müqayisə üçün deyim ki, ötən il 40 min yoxlama keçirilmişdi. Burda heç bir şərhə ehtiyac yoxdur və belə olmalıdır".

Azərbaycan prezidenti qeyd edib ki, hər bir sahədə şəffaflıq, dürüstlük norma olmalıdır. Dövlət başçısı vurğulayıb ki, bu il bir ciddi sosial təşəbbüs də irəli sürülüb: "Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayıb. Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır. Mənzillər tikilməlidir. Bu mənzillər uzun müddətli güzəştli, şərtlərlə aztəminatlı ailələrə veriləcək. Bu, çox ciddi sosial təşəbbüsdür. Bu, geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var.

Bu təşəbbüs eyni zamanda inşaat sektoruna da ciddi təsir göstərəcək. Çünki inşaat sektorunda çox böyük geriləmə var və iş yerlərinin itirilməsi də məhz inşaat sektorunda baş verib. Ona görə geniş tikinti layihələri gözlənilir. Bunun çox müsbət təsiri olacaq. Məşğulluq artacaq və inşaat materialları sektoru da canlanacaq. Ona görə də sahibkarlar buna hazır olmalıdır. Bu, uzunmüddətli bir layihədir.

Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti bu il başlayır və davam edəcək. Ona görə də bütün inşaat materialları Azərbaycanda istehsal olunmalıdır. Onların böyük hissəsi istehsal olunur, ancaq indi həcm, tələbat artacaq. Özəl sektor da hazır olsun. Özəl sektor hazır olsun ki, təmin edə bilsin".

Son xəbərlər

Orphus sistemi