​Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsini qəbul edib

​Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsini qəbul edib Görüşdə qurumun Bakıda keçiriləcək Qlobal Forumuna hazırlıq prosesi ilə bağlı fikir mübadiləsi aparılıb
Daxili siyasət
17 May , 2015 15:50
​Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsini qəbul edib

Bakı. 17 may. REPORT.AZ/ Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul ediblər.

"Report" xəbər verir ki, Nassir Abdulaziz Al-Nasser Azərbaycana səfərindən ötən dövr ərzində Bakıda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Qonaq qeyd edib ki, İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük uğurlar əldə edib və Bakıda keçiriləcək birinci Avropa Oyunları mühüm əhəmiyyət daşıyır. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmindən danışan Nassir Abdulaziz Al-Nasser təmsil etdiyi qurumun Forumun etibarlı tərəfdaşı olmasından məmnunluğunu vurğulayıb. O, ölkəmizdə millətlər, dinlər, mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşma siyasətinin davam etdirilməsi işini yüksək dəyərləndirib, “Bakı prosesi”nə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlıq edib.

Qonaq 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda dünyanın ən nüfuzlu qurumlarının və görkəmli şəxsiyyətlərinin iştirak edəcəklərini də bildirib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin fikirlərinə razılığını bildirən dövlət başçısı ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi, 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

Görüşdə 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Son xəbərlər

Orphus sistemi