Bakı. 22 dekabr. REPORT.AZ/ “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əhatəli, dolğun, zəngin olmasında gənclər təşkilatlarının irəli sürdüyü təkliflərin xüsusi rolu olub. Azərbaycanda müasir gənclər siyasətinin əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Eyni zamanda, gənclər siyasəti sahəsində bir çox addımlar atılıb”.
“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov dövlət proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib ki, gənclərin yüksək vəzifələrə çəkilməsi hər zaman diqqət mərkəzində olub: “Proqram sayəsində bu məqsədə nail olunub. Bununla bağlı bir sıra genişmiqyaslı beynəlxalq layihələr həyata keçirilib”.
Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin vəzifələrini icra edən Nato Alxazişvili deyib ki, təmsil olunduğu qurum hər zaman gənclər siyasətinə xüsusi önəm verib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə qeyd edib ki, gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğinə önəm verilib: “Bundan başqa, sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində, eləcə də erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması istiqamətində davamlı işlər görülür”.