​Bakıda “ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirilib

​Bakıda “ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirilib Tədbiri “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası təşkil edib
Daxili siyasət
10 İyun , 2015 17:35
​Bakıda “ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirilib

Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası “ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirib.

“Report”un məlumatına görə, tədbirdə çıxış edən Koalisiyanın koordinatoru Rufiz Qonaqov deyib ki, Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı anti-təbliğat kampaniyası aparılır: “Bu addımlar gözlənilən idi. Çünki bəzi dövlətlər Azərbaycanın uğurlarını qəbul edə bilmirlər”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, hər il bəzi aparıcı güclər və birliklər, eləcə də onların himayəsində olan beynəlxalq təşkilatlar dünyanın ayrı-ayrı bölgələrində mövcud olan münaqişə və qarşıdurmaları tənzimləmək iddiası ilə ictimai diplomatiya xarakteri daşıyan müxtəlif tədbirlərin həyata keçirilməsi üçün milyardlarla dollar vəsait xərcləyir, layihələr həyata keçirirlər: “Belə olduğu təqdirdə Bakıda keçirilən Avropa Oyunlarına münasibətdə sərgilənən ifrat aqressiya ilk baxışda təəccüb doğurmalıdır. Dünyanı müharibə ilə idarə etməyə çalışanlar, milyonlarla insanın faciəsi üzərindən öz iqtisadi və geosiyasi maraqlarını təmin etməyə çalışan güclər sözün əsl mənasında barışa, sülhə maraqlı deyillər. Bu gün dünyanı xaosa sürükləyənlər bununla kifayətlənmir, hər şeyi əllərində cəmləməyə çalışırlar. Anti-Azərbaycan kampaniyanı idarə edənlərin kimliyinə diqqət etdikdə maraqlı mənzərə ortaya çıxır. Onların Ermənistanla əlaqələri var. Təəssüf ki, vaxtilə sülhə, əmin-amanlığa xidmət edən Avropa Oyunlarını qladiator döyüşləri ilə əvəz edənlər dağıtdıqları, yandırdıqları Ellin mədəniyyətini öyrənmək üçün əsrlər sonra Şərqə üz tutanlar tarixin dərslərindən nəticə çıxarmayıblar. Onların iddia etdikləri “Tolerantlığın beşiyi bizik” tezisi artıq puça çıxıb”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik təzahürlərinin güclənməsi” mövzusunda çıxış edib. O qeyd edib ki, birinci Avropa Oyunlarına qarşı kampaniyada ABŞ-ın bəzi dairələri fəal iştirak edirlər.

S.Məmmədov vurğulayıb ki, irqi ayrı-seçkiliyin tüğyan etdiyi ABŞ dini və etnik tolerantlığın yüksək olduğu Azərbaycanı müzakirəyə çıxarır: “ABŞ heç zaman multikulturalizmi dəstəkləmir, baxmayaraq ki, orada müxtəlif xalqların nümayəndələri yaşayır. ABŞ-da yaşayan bütün xalqların mədəniyyətini birləşdirərək pan-Amerika mədəniyyəti formalaşdırmağa çalışır ki, bu da fiaskoya uğrayır".

S.Məmmədov bildirib ki, ABŞ heç bir insan hüquqları konvensiyasını təsdiqləməyib: "Dövlətlər bir-birilərində olan insan hüquqlarının vəziyyəti ilə bağlı məsələsinə toxuna bilər, amma ilk növbədə özlərindəki vəziyyətə baxmalıdır. ABŞ-da ağdərili polislər qaradərililər üzərinə silah çəkir və bunu heç nədən çəkinmədən edir, çünki onlar arxayındırlar ki, məhkəmələrdə olanların böyük əksəriyyəti ağdərilidir və heç vaxt ağdərililərin əleyhinə qərar verməyə imkan verməzlər”.

Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib ki, belə tədbirlərin təşkili Azərbaycanın anti-Amerika ruhunda köklənməsi kimi başa düşülməməlidir. O bildirib ki, Azərbaycan ABŞ-la əməkdaşlıqda maraqlıdır: “Amma bəzi hallarda ABŞ Azərbaycanla bağlı adekvat addımlar atmır. Başa düşülməlidir ki, Azərbaycan “narıncı inqilab”lar məkanı deyil”.

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi