​Müsavatın qurultayının nəticələrinin ləğv olunması üçün Ədliyyə Nazirliyinə müraciət ediləcək

​Müsavatın qurultayının nəticələrinin ləğv olunması üçün Ədliyyə Nazirliyinə müraciət ediləcək "Artıq müraciəti imzalayacaq şəxslərin siyahısı hazırdır"
Daxili siyasət
17 Avqust , 2015 16:30
​Müsavatın qurultayının nəticələrinin ləğv olunması üçün Ədliyyə Nazirliyinə müraciət ediləcək

Bakı. 17 avqust. REPORT.AZ/ Müsavatın 2014-cü ildə keçirilən VIII qurultayının nəticələrindən narazı qalan sabiq partiya üzvləri Azərbaycan Ədliyyə Nazirliyinə müraciət edəcək.

Bu barədə "Report"a Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli məlumat verib.

O bildirib ki, müraciətdə məqsəd sonuncu qurultayın nəticələrinin ləğv edilməsidir: "Artıq müraciəti imzalayacaq şəxslərin siyahısı hazırdır. Siyahıda partiyadan xaric edilən, istefa verən müsavatçıların adları var. Müraciətə Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev, mən və başqaları imza atıb".

Müsavat Partiyasının sabiq Divan üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini, professor Adil Qeybulla isə "Report"a açıqlamasında bu addımın doğru olmadığını qeyd edib. O, belə bir müraciətə imza atmaq fikri olmadığını deyib.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə "Ağ blok" yaratdığını elan edib.

Son xəbərlər

Orphus sistemi